Peyğəmbərin orucu
Orucluq – Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Uca Allahın Öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclığı və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən – yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır. Bəndə bədənini və ruhunu itaətsizlikdən qoruyaraq onları cilovlayır. Bu, təqva cilovu, igidlərin qalxanı, Allaha yaxın olanların və xeyirxahların fərəhidir. Oruc aləmlərin Rəbbi Allah xatirinə tutulur. Oruc tutan heç nə etmir, o, nəfsinin həzz aldığı şəhvətdən, yemək-içməkdən çəkinərək Allahı sevdiyinə görə özünü qoruyur.
Oruc – qul ilə Rəbbi arasında olan bir sirdir. Elə bir sirr ki, onu Allah və qulundan başqa heç kəs bilmir. Oruc tutmağın fəziləti haqqında Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir:
“(Allah buyurur:) “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin: “Mən oruc tutmuşam”. Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: iftar vaxtı, bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”. (əl-Buxari 1904).
“Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar”. (əl-Buxari 2840).
“Cənnətdə “Rəyyan” adlı bir qapı var. Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcək...” (əl-Buxari 1896).
“Oruc və Quran Qiyamət günü qula şəfaət edəcək. Oruc deyəcək: “Ya Rəbb, mən gündüz onu yemək və şəhvətdən çəkindirdim, məni ona şəfaətçi təyin et!” Quran isə deyəcək: “Mən gecə onun yatmağına mane oldum, məni ona şəfaətçi təyin et!” Beləliklə, onlar şəfaət edəcəklər”. (Əhməd 6626).
Orucun qəbul olması üçün iki əsas vardır:
1. Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın” (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.
2. Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zəriyət, 56). Həmçinin, yəhudi və xristianlar haqqında buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (əl-Beyyinə, 5).
Peyğəmbər buyurmuşdur: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır...” (əl-Buxari, 1). Dinimizdə niyyəti dilə gətirmək çirkin bidətdir (dində olmayan, sonradan dinə gətirilən yenilikdir). Çünki Peyğəmbər bunu əmr etməmişdir.
Orucun iki növü var; vacib və müstəhəb. Vacib oruca – Ramazan orucu, kəffarə (günahların yuyulması) və nəzir orucları daxildir. Müstəhəb oruc isə vacib oruclardan başqa Peyğəmbərin ilin müəyyən günləri tutduğu oruclardır. Bu haqda Allah Elçisi belə demişdir: “Səbir (Ramazan) ayı və hər ay üç gün oruc tutmaq il boyu oruc tutmaq kimidir”. (Əhməd, 9222).
“Kim Ərafa günü oruc tutarsa, bir il keçmiş və bir il gələcək günahları bağışlanar”. (Əbu Yəalə, 7548).
İbn Abbas rəvayət edir ki, Allah Elçisi Mədinəyə gəldi və orada yəhudilərin Aşura (Məhərrəm ayının onuncu) günü oruc tutduqlarını görüb onlardan soruşdu: “Bu hansı gündür ki, bu gündə oruc tutursunuz?” Onlar dedilər: “Bu böyük gündür. Bu gündə Allah Musanı və onun qövmünü xilas etdi və Fironu tayfası ilə birlikdə suya qərq etdi. Musa şükr əlaməti olaraq həmin gün oruc tutdu. Biz də bu gün oruc tuturuq”. Peyğəmbər: “Biz Musaya onlardan yaxınıq”- deyə buyuraraq həmin gün oruc tutdu və başqalarına da tutulmasını əmr etdi” (Muslim). Peyğəmbər Aşura gününün orucu haqqında demişdir: “Əgər gücüm çatsa, gələn il (Məhərrəm ayının) doqquzu da oruc tutaram” (Muslim).
“Aşura günü oruc tutun və yəhudilərə bənzəməyin – ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutun” (Əhməd).
Bazar ertəsi və cümə axşamı günləri orucu haqqında Peyğəmbər demişdir: “Bu iki gündə insanın əməlləri aləmlərin Rəbbinə təqdim edilir” (ən-Nəsai).
Peyğəmbər Fitr (orucluq bayramı) və Adha (qurban bayramı) günləri oruc tutmağı qadağan etmişdir” (əl-Buxari, Muslim).
Həmçinin, Qurban bayramı günündən sonra üç gün, eləcə də cümə günləri oruc tutmaq olmaz. Aişə demişdir: “Mən Allah Elçisinin yalnız Ramazanda bütün ay boyu oruc tutduğunu görmüşəm” (əl-Buxari, Muslim).
Allahın oruc tutanlara hazırladığı böyük mükafatlar Muhəmməd Peyğəmbərin səhabələrini yarım il Ramazan orucunun qəbul edilməsi üçün, yarım il də gələn Ramazana qovuşmaq üçün Allaha dua etməyə sövq edərdi. Uca Allah bizi doğru yola yönəltsin, orucumuzu və digər ibadətlərimizi qəbul etsin!