İntihar etməyin günahı

    24.09.2014
Sual: 
Salam.İntihar hansı halda bağışlana bilər?
Cavab: 

Və aleykum Salam. İntihar etmək böyük günahdır və Uca Allah bunu edənlərin Cəhənnəmə düşəcəyini bildirib: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır". (ən Nisa, 29-30).
Əbu Zərr əl-Ğifari rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizdən əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. Adam ağrıya dözmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də Cənnəti ona haram etdim!" (Səhih əl-Buxari, 3204, 3463).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim özünü dağdan atıb canına qəsd edərsə, Cəhənnəm odunda özünü daima yuxarıdan aşağı atar və orada əbədi olaraq qalar. Kim zəhər içib özünü öldürərsə, Cəhənnəm odunda o zəhəri əlində tutub həmişə zəhər içər və orada əbədi olaraq qalar. Kim dəmir parçası ilə öz canına qəsd edərsə, Cəhənnəm odunda bu dəmir par­çasını daim qarnına soxar və orada əbədi olaraq qalar". (Səhih əl-Buxari, 5778).
Səhl ibn Səd əs-Saidi rəvayət edir ki: "(Yürüşlərin birində) Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun əshabələri müşriklərlə üz-üzə gəlib döyüşməyə başladılar. (Bir müd­dətdən sonra) Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz düşərgəsinə, müşriklər də öz düşərgələrinə çə­kildilər. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əshabələri arasında elə birisi var idi ki, (döyüşdə) heç bir fürsəti əldən verməmiş, çatdığı hər kəsi qılıncdan keçirib qətlə yetir­miş­di. (Bəziləri) dedilər: "Bu gün bizim heç birimiz filankəs kimi döyüş­mə­di". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "(Filankəsə) gəlincə, o, Cəhənnəm əhlindən­dir!" Əshabələrdən biri: "Bu gün mən onu izləyəcəyəm" - dedi və onun dalınca düş­dü. Adam hər dayandıqda, əshabə onunla bərabər dayanar, tez-tez get­dik­də isə (ona çatmağa) tələsərdi. Sonra həmin adam ölümcül yara­landı və ca­nını (əzab-əziyyətdən) qurtarsın deyə qılıncının qəbzəsini yerə dayadı, ti­yə­sini də sinəsinə dirədi, sonra da özünü qılıncının üstünə yıxdı. (Bu ha­di­sə­dən sonra) əshabə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Mən şahidlik edirəm ki, sən Allahın Elçisisən!" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşdu: "Nə olub ki?" (Əshabə - Allah ondan razı olsun) de­di: "Bayaq sən bir adamın Cəhənnəm əhlindən olduğunu söylədin və bu, ha­mı­nı heyrətə saldı. Onda mən (öz-özümə): “Mən onun barəsində sizə (bir xəbər) gətirərəm”– dedim və həmin adamı izləməyə baş­ladım. Bu əsnada hə­min adam ölümcül yaralandı və canını (əzab-əziyyətdən) tez qurtarmaq üçün qılıncının qəbzəsini yerə dayadı, tiyəsini də sinəsinə dirədi, sonra da özü­nü qılıncının üstünə yıxaraq canına qəsd etdi". Bunu eşidəndə Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) buyurdu: "Həqiqətən, insanlara kimsənin Cənnət əhlinin əməli kimi bir əməl etdiyi görünə bilər, (halbuki) həmin adam Cəhənnəm əhlindəndir. Həm­çinin, onlara kimsənin Cəhənnəm əhlinin əməli kimi bir əməl etdiyi gö­rü­nə bilər, halbuki həmin adam Cənnət əhlindəndir". (Səhih əl-Buxari, 4202).
Hansı halda bağışlanması ilə bağlı məlumat yoxdur. Ona görə də belə fikirlərdən tövbə etmək lazımdır: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Həmçinin bəzi insanlar başlarına gələn sınaqlara və müsibətlərə dözməyərək Allahdan ölüm istəyirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu da qadağan edərək demişdir: "Sizdən heç kəs başına gələn müsibətə görə ölüm arzulamasın. Əgər ölümü mütləq arzulamaq istəyərsə, belə desin: Allahım, əgər yaşamaq mənim üçün daha xeyirlidirsə, məni yaşat! Əgər ölüm mənim üçün daha xeyirlidirsə, məni öldür!" (Səhih əl-Buxari, 6351; Səhih Muslim, 2680). Həmçinin oxuyun: Yaşamaqdan bezmək barədə

Paylaş: