Namaz qılmayan Cənnətə girə bilərmi?

    27.09.2014

Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər. Halbuki Uca Allah və onun Rəsulu namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişlər. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsəi, 1/232; Əbu Dəvud, 864).
O, həmçinin demişdir: "Uca Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa, Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". (Əbu Dəvud, 1276).
Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59)
"(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).
Bəzi insanlar namazın vacibliyini qəbul edərək "hələ vaxta var, sonra namaz qılaram" - deyə düşünürlər, bu isə ömrün uzun olacağı barədə zənn və aldadılmadır. Əslində kimdən "sabah başına pis hadisə gəlməyəcəyinə zəmanət verə bilərsənmi?" soruşsaq, "Xeyr" cavabını verər. Bu xüsusda Uca Allah buyurur: "Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34)
"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Munəfiqun, 10-11).

Ona görə də hər kəs ona verilən fürsətdən istifadə edərək gecikmədən Rəbbinin razılığını və Cənnəti qazanmaq üçün çalışmalı, başda namaz olmaqla xeyirli əməllərini artırmalıdır:
Namazın qılınma qaydası - VİDEO

Paylaş: