Ayaqqabı ilə gəzilən evin döşəməsi nəcis ola bilərmi?

    29.11.2014
Sual: 
Salam Aleykum. Qardaşım hərdən işə tələsəndə nəsə yadından çıxanda koridorda ayaqqabılı gəzir. Və mən də ayağımı hamamda yuyub otağa keçmək üçün koridordan keçirəm. Koridoru süpürürəm. Amma əgər orada çöldən ayaqqabının altında nəcasət gələrsə bu ayağımı nəcis edər? Və bilmək istəyirəm ki koridoru hər gün nəm əsgiylə silməliyən? Mən indiyə kimi namazlarımı bu vəziyyətdə qılmışam. Yəni ayaqlarım nəm halda koridordan keçib otağa gəlmişəm. Görəsən bütün dəstəmazlarım batildirmi?
Cavab: 

Aleykum salam. Evin döşəməsində nəcis gözlə görünürsə və ya iyisi hiss edilirsə, mütləq silinməlidir. Digər hallarda isə adətiniz üzrə yığışdırmanız kifayət edir.
Məlumat üçün deyək ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) və səhabələr (Allah onlardan razı olsun) bəzi vaxtlarda ayaqqabılı, bəzən də yalın ayaqla namaz qılıblar. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə məscidinin döşəməsində indiki kimi xalça yox idi, yer daş və torpaq idi. Əbu Səid əl-Xudri (radıyəllahu anhu) belə nəql etmişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qıldırdığı vaxt ayaqqabılarını çıxartdı və sol tərəfinə qoydu. Bunu görən camaat da ayaqqabılarını soyundu. Namaz qurtardıqdan sonra peyğəmbər (salləllahu aleyhi və səlləm) onlardan belə soruşdu: "Ayaqqabılarınızı niyə çıxartdınız?" Onlar da cavabında: "Sənin çıxartdığını gördüyümüz üçün", - dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Mənə Cəbrail (aleyhis-sələm) gəlib xəbər verdi ki, ayaqqabılarıma nəcis bulaşıb. Siz məscidə gəldiyiniz vaxt ayaqqabılarınıza baxın. Üstündə pis bir şey varsa, silin. Onlar torpaqla təmizlənir". (Əbu Davud "Sunən" əsəri).
Hədisdən göründüyü kimi, torpağın üstündə namaz qılarkən ayaqqabıları çıxarmamaq olar, amma namazdan əvvəl ayaqqabıların nəcisə bulaşmadığına əmin olmaq lazımdır.
Şəddad ibn Ovs atasından (radıyəllahu anhum) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Yəhudilərə müxalif olun. Çünki onlar ayaqqabı və məshlikləriylə namaz qılmırlar. Siz isə qılın". (Əbu Davud). Bu hədisdəki: "Siz isə qılın", - cümləsi əmr deyil, sərbəstlik bildirir. İslam alimləri bildirirlər ki, kim istəsə, təmiz olmaq şərtilə ayaqqabılı, kim də istəsə, yalın ayaqla namaz qıla bilər.
Rəvayət olunur ki, Əbu Məsləmə (radıyəllahu anhu) belə deyib: "Mən Ənəs ibn Malikdən (Allah ondan razı olsun) soruşdum: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç ayaqqabıları ayağında ola-ola namaz qılırdı?" Ənəs (radıyəllahu anhu) belə cavab verdi: "Bəli, qılırdı". (əl-Buxari; ət-Tirmizi).

Paylaş: