Qadın heyz halında nələri edə bilməz?
Sual:
Salam. Çox üzr istəyirəm sualıma görə. Heyzli halda dua etmək gunah sayılmır ki? Yəni ki, üzümü qibləyə çevirib dua edə və ya qurandan hansısa duani əzbər oxuya bilərəm belə vəziyyətdə?
Cavab:
Aleykum salam. Qadın heyz (aybaşı) halında Uca Allaha dua edə, zikr edə, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Amma Quranı əlinə alıb oxuması qadağandır. Şəriətimizə görə heyz və nifas (doğuşdan sonrakı qanaxma halı) olan qadına aşağıdakıları etmək olmaz:
- Namaz qılmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın namaz qıla bilməz". (Səhih əl-Buxari; Səhih Muslim; Sunən Əbu Davud). Bura məscidə girmək də daxildir.
- Oruc tutmaq. Aişənin (radıyəllahu anhə) rəvayət etdiyi hədisə əsasən, "qadın heyzli ikən tuta bilmədiyi orucları qəza edər, qılmadığı namazları isə bağışlanar". (Səhih əl-Buxari).
- Qurani Kərimə əl vurmaq. Uca Allah buyurur: "Qurana təmiz olanlardan başqası toxuna bilməz". (əl-Vaqiə, 79).
- Zəruri ehtiyac olmadığı halda məscidə girmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənabət və heyz halında olana məscidə girmək halal olmaz". (İSunən bn Məcəh).
- Kəbəni təvaf etmək. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə birlikdə həcc etməyə çıxdıq. Sərf deyilən yerə çatdıqda heyz oldum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mənim yanıma gəldi və mən də ağlayırdım. O dedi: "Sənə nə olub, heyz olmusan?" Mən də: "Bəli" - dedim. O dedi: "Bu elə şeydir ki, Allah onu Adəmin qızlarına (qadınlara) yazıb. Təvafdan başqa boynuna düşən həcc ərkanları yerinə yetir". (Sunən ən-Nəsai, 348).
- Cinsi əlaqədə olmaq. Uca Allah belə buyurur: "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!" Allah tövbə edənləri, pak olanları sevər!" (əl-Bəqərə, 222).