Namaz nə üçün yalnız ərəb dilində qılınmalıdır?

    10.12.2014
Sual: 
Salam aleykum ve rehmetullahi namazi ne ucun yalniz ereb dilinde qilmaliyig?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Namaz qılanda Quran oxuyuruq. Quran isə ərəbcə nazil edilmişdir, bu, Quranın təxminən 50 ayəsində öz əksini tapmışdır. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf, 2).
"Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar". (Ta Hə, 113).

Heç bir tərcümə Uca Allahın kəlamını tam mənası, hikməti və gözəlliyi ilə çatdıra bilməz, ona görə də tərcümə Quran sayılmır. Əslində "Quranın tərcüməsi" yox, "Quranın izahının (təfsirinin) tərcüməsi" demək daha doğrudur. Uca Allah buyurur: "Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin". (əl-Bəqərə, 23-24).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı ərəb dilində qılmış və ümmətinə də bu şəkildə vacib buyurmuşdur. O demişdir: "Məni necə namaz qılan gördünüzsə, siz də o cür namaz qılın". (əl-Buxari). Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmaq isə dinin əsasıdır. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzab, 36).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).

Paylaş: