Səhv səcdəsi necə yerinə yetirilir?

    21.01.2014
Kimdən: 
Qabil
Sual: 
Salam aleykum. Xahiş edirəm mənə ətraflı izah edəsiniz.
Cavab: 

Və aleykum Salam. Namazın rüknlarını və ya vaciblərinin hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Bilməyərəkdən rüknlardan birini buraxan əlavə bir rükət də qılmalı, sonda səhv səcdəsi etməlidir. Vaciblərdən birini buraxan isə əlavə rükət qılmayaraq sonda səhv səcdəsi edir. Səhv səcdəsi namazın qüsurlarını örtür. Səcdələrin sayı ikidir. Namazda buraxılan səhv namaz vaxtı yada düşərsə, sonuncu təşəhüddə, salamlardan qabaq səhv səcdəsi edilir, sonra salam verilir. Buraxılan səhv namazı bitirdikdən az müddət sonra yada düşərsə, yada düşən zaman edilir. Əgər namazı bitirdikdən uzun müddət sonra yada düşərsə, səhv səcdəsi etməyə ehtiyac yoxdur. Namazın vacib əsaslarında səhv olduğunu bilə-bilə qəsdən səhv səcdəsi etməmək namazı batil edir. Səhv səcdəsi haqda Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurur: "Biriniz namazını üç yoxsa dörd rükət qıldığı haqda şübhəyə düşərsə, şübhəsini dəf etsin, qəti şəkildə bildiyinə uyğun olaraq namazını tamamlasın. Salam vermədən qabaq iki dəfə səhv səcdəsi etsin". (əl-Buxari).
Abdullah ibn Buheynə (Allah ondan razı olsun) deyir ki: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bir neçə namaz qıldırdı və o (ikinci rükətə) oturmadan birbaşa qalxdı, camaat da ona baxıb qalxdı. O, namazını bitirdikdə biz onun salam verəcəyini gözləyirdik. Amma o salamdan öncə təkbir edib oturan halda iki səcdə etdi və sonra salam verdi". (əl-Buxari; Muslim; ən-Nəsəi; Əbu Dəvud; ət-Tirmizi).
Abdullah (Allah ondan razı olsun) deyir ki: "Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zöhr namazını beş rükət qıldı. Sonra ona dedilər: Namaza əlavə edilibmi? O dedi: Nə əlavəsi? Dedilər: Sən namazı beş rükət qıldırdın. Sonra o iki səhv səcdəsi etdi. Bu səcdələr salamdan sonra idi". (əl-Buxari; Muslim; Əbu Dəvud; ət-Tirmizi; İbn Məcəh).
"Kimsə ikinci rükətdə oturmayıb qalxarsa, əgər tam durmayıbsa, geri qayıtsın! Yox əgər tam qalxıbsa, onda oturmasın! Əvəzində iki səhv səcdəsi etsin!" (Əbu Dəvud, 10238).

Camaat namazında səhv səcdəsi necə edilir?

Yuxarıdakı qaydalar camaat namazında imama da aiddir. İmam səhv səcdəsi etdikdə camaat da onunla birlikdə səcdə etməlidir. Namaz əsnasında imam səhv etdikdə camaat ona xatırlatmalıdır. Kişilər bərkdən "subhəənəllaah" deyir, qadınlar isə əl çalaraq xatırladırlar. Namazdan sonra imama səhv etdiyi deyilər, lakin imam səhv etmədiyinə əmin olarsa, bu halda imama etimad olunur. Namaz vaxtı imamın səhv etdiyini görərək ona xatırlatmayanlar günah qazanırlar. İmam namazın vacib rüknlarının birində səhv edibsə və camaat bilərəkdən ona xatırlatmayıbsa, bu halda namaz batil olur.

Teqlər: 
Paylaş: