Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

    16.05.2015
Sual: 
Salam aleykum. Xəstə insan necə qibləni tapmalı, dəstəmaz qlıb namaz qılmalıdır?
Cavab: 

Aleykum salam. Xəstə insan fərz namazlarını bacardığı şəkildə, şəriətin ona verdiyi asanlıqlardan istifadə edərək qılmalıdır. Heç bir halda namazları qəsdən buraxmaq olmaz. Uca Allah buyurur: "Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Məidə, 6).
Bütün namazları vaxtında qılmağa çətinlik çəkən xəstə, zöhr namaz ilə əsr namazını, məğrib namazı ilə də işə namazını birləşdirib qıla bilər.

Qibləni tapmaq

Qiblə istiqamətini başqalarından soruşmaq lazımdır. Ayaq üstə və ya oturaraq namaz qıla bilməyən insan böyrü üstə, üzü qibləyə uzanaraq namaz qılmalıdır. Əgər bunu bacarmasa, arxası üstə ayaqları qibləyə tərəf uzanaraq namaz qılmalıdır. Qiblə istiqamətini bilməsə və ya qibləyə yönələ bilməsə, başqa istiqamətə doğru namaz qıla bilər. Uca Allah buyurur: "Nə qədər bacarırsınızsa Allahdan qorxun". (ət-Təğabun, 16); "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286). 

Dəstəmaz almaq

Dəstəmaz ala bilməyən və ya xəstəliyin pisləşməsindən qorxaraq dəstəmaz almayan xəstə təyəmmüm almalıdır. Təyəmmüm almaq üçün torpaq, daş, üzərində toz olan mebel və ya pəncərənin qarşısı, həmçinin üzərinə kağız və ya boya çəkilməmiş divar istifadə edilə bilər. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz (bacarmasa təyəmmüm) alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər. Həmçinin oxuyun:
Təyəmmüm necə alınır?
Dəri xəstəliyi olan necə dəstəmaz alsın?

Namaz qılmaq

İmran ibn Huseyn (Allah ondan razı olsun) rəvayət edir ki: "Mən babasil xəstəliyinə tutulmuşdum, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qılmağı soruşanda, dedi: Ayaq üstə namaz qıl, bacarmasan oturaraq, bunu da bacarmasan böyrü üstə uzanaraq namaz qıl". (əl-Buxari, 1050, 1117).
"Bunu da bacarmasan, arxası üstə uzanaraq namaz qıl, Allah heç kimi qüvvəsi çatandan artıq yükləməz". (Əbu Dəvud və ən-Nəsəi).

Rükü edərkən bir az qabağa əyilmək, səcdə əvəzinə isə bundan daha çox əyilmək lazımdır. Bunu bacarmayan başını hərəkət etdirə bilər. Bunu da bacarmayan, sadəcə ürəyində rükü və səcdə etdiyinə niyyət edərək o vəziyyətlərdəki zikrləri etməlidir.

Paylaş: