Qədərə iman

    19.01.2014

Ərəb dilində qədər sözü miqdar, ölçü, həmçinin təqdir edilən mənasını ifadə edir. Uca Allah öz əzəli elmi ilə hər şeyin ölçüsünü təqdir etmişdir.
Uca Allah buyurur:
«Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq» (əl-Qəmər 49).  

Allah hər şeyi bilir

Uca Allah olmuş və olacaq hər şeyi yaratmamışdan əvvəl bilir. Onun elmi hər şeyi əhatə edir. O buyurur:
«(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz» (Ta ha 110).
«Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın» (Səba 3).

Allah hər şeyi yazmışdır

Uca Allah yaratmamışdan öncə hər şeyi “lövhi məhvuz” (qorunan lövhə) adlanan kitabda yazmışdır. Uca Allah buyurur:
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır” (əl-Hədid, 22).
Həmçinin, rəvayət edilir ki, Ubədə ibn Samit oğluna belə demişdir: “Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurdu­ğunu eşitdim: “Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: “Yaz!”- deyə buyurdu. O dedi: “Ey Rəbbim! Nə yazım?” Allah buyurdu: “Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!” O, sözünə davam edərək dedi: “Ey oğul! Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: “Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir”.
Peyğəmbər bu yazının nə zaman baş verdiyini xəbər verərək buyurmuşdur: “Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır. (Bu zaman) Onun Ərşi suyun üzərində idi” (Muslim, 5/ 509).

Qədərə iman nədir?

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Hər bir müsəlman imanın bu altı əsasına yəqinliklə iman gətirmədikcə həqiqi mömin ola bilməz. Qədərin xeyir və şərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Qədərin xeyir və şərinə iman gətirmək Uca Allahın keçmişdə və gələcəkdə olan hər bir şeyin ölçüsünü, nə vaxt və necə meydana gələcəyini bildiyinə, həmçinin Öz dərgahındakı “lövhi-məhvuz” adlanan kitabda yazdığına, hər bir şeyin yalnız Onun iradəsi ilə var olmasına, yalnız Onun yaradan olmasına iman gətirməkdir.  
Uca Allah buyurur:
«Məgər bilmirsənmi ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu Yazıda (Lövhi-Məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu Allah üçün asandır!» (əl-Həcc 70).

Paylaş: