Əli ibn Əbu Talib rükuda olduğu halda zəkat veribmi?
Aleykum salam. Ayənin azərbaycan dilinə mənaca tərcüməsi belədir: "Sizin haminiz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər". (əl-Maidə, 55). Tərcümədən gördüyümüz kimi ayədə keçən "rüku" sözü lüğəvi mənada "böyun əymək" mənasında işlənmişdir. Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Bəziləri ayədə keçən وَهُمْ رَاكِعُونَ [və hum ra:kiu:n] “Allaha boyun əyərək” ifadəsini zəkat verənlərə aid hal cümləsi (tərzi-hərəkət zərfi) olduğunu zənn etmişlər (yəni ayəni "rüku halında zəkat verərlər" kimi təfsir etmişlər). Əgər ayənin mənası belə olsaydı, o zaman rüku halında zəkat vermək, digər hallardan daha fəzilətli olardı. Çünki bu halda verilən zəkat Allah tərəfindən təriflənmişdir. Bizim bildiyimiz fiqh alimlərindən heç kəs belə bir şey deməmişdir. Hətta bəziləri bu barədə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) bir hədis rəvayət edərək bu ayənin onun barəsində nazil olduğunu demişlər. Belə ki, bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rükuda ikən bir dilənçi ondan sədəqə istəmiş və Əli (Allah ondan razı olsun) barmağındakı üzüyü çıxararaq dilənçiyə vermişdir...".
Sonra əl-Hafiz İbn Kəsir (Allah ona rəhmət etsin) bu mənada rəvayətləri zəif isnadlarla nəql edərək hər birinin zəifliyini bildirmiş, sonra demişdir: "Bu rəvayətlərin isnadları zəif olub, raviləri məchul olduqları üçün heç biri səhih deyil".
Hətta bu ifadə – وَهُمْ رَاكِعُونَ [və hum ra:kiu:n] “Allaha boyun əyərək” ifadəsi – zəkat verənlərə aid hal cümləsi (tərzi-hərəkət zərfi) olsa belə, burada "müti olaraq" nəzərdə tutulur. Yəni, müti olaraq zəkat verərlər, çünki ərəb dilində رَكَعَ [rakəa] feilinin lüğəvi mənası "müti olmaq", "boyun əymək” deməkdir. Burada da məhz lüğəvi məna nəzərdə tutulur. Necə ki Uca Allah başqa bir ayədə möminləri vəsf edərək buyurur: “Rəbbinə qayıdacaqlar deyə, yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər – məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər” (əl-Muminun, 60-61).
Böyük təfsir alimi Abdur-Rahmən əs-Səədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: “Allah bu ayədə bildirir ki, Onun sevgisinə və yardımına yalnız iman və təqva sayəsində nail olmaq mümkündür. Hər bir təqvalı mömin Allahın himayəsində olan kəsdir. Əgər o, Allahın himayəsindədirsə, demək ki, Onun Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də himayəsindədir. Allahı və Onun Elçisini (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hami seçən kəs bunun tamamı olaraq Allahın sevdiyi kəslərin tərəfdarı olmalıdır. Allahın sevib yardım etdiyi kəslər – möminlərdir. Onlar Allaha olan imanlarını həm qəlbləri ilə, həm də əməlləri ilə təsdiqləyər, Allaha ixlasla ibadət edər, namazın şərtlərini, fərzlərini və nafilələrini yerinə yetirər, habelə zəkat almağa haqqı çatanlara öz mallarından zəkat verməklə insanlara xeyirxahlıq edərlər. “Allaha boyun əyərək”, yəni bununla yanaşı, onlar Allah qarşısında mütiliklə boyun əyər və aciz olduqlarını göstərərlər”.
Aşağıdakı dəlillər bu ayənin Əli ibn Əbu Talib (Allah ondan razı olsun) barədə nazil olması rəyinin zəifliyini təsdilqəyir:
- Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) həyatı barədə bu məlumdur ki, o, çox zahid bir insan olub. Bir çox rəvayətlərdə onun kasıb olduğu və dünyanı tərk etdiyi bildirilir. Ayədə zəkatdan söhbət gedir, zəkat isə yalnız varlı insanların üzərinə vacib olan sədəqədir.
- Uca Allah namazlarında müti olan qullarını tərifləmişdir. Uca Allah bu xüsusda buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər” (əl-Muminun, 1-2). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) namazında müti olan səhabələrdən biri idi. Rəvayət olunur ki, namazın vaxtı çatdıqda Əlinin (Allah ondan razı olsun) üzünün rəngi dəyişərdi. Ondan: “Ey möminlərin əmiri, sənə nə olub?”– deyə soruşduqda, o belə cavab verərdi: “Əmanəti qaytarmaq vaxtıdır. O əmanət ki, Uca Allah onu göylərə, yerə və dağlara təklif etdi. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Mən isə onu boynuma götürmüşəm”. (İhya Ulumud-Din). Bir insanın namazda rüku halında əlindəki üzüyü çıxarıb zəkat niyyəti ilə dilənçiyə verməsi, bu insanın namazda müti olmamasına dəlalət edir. Belə bir əməlin Əli (Allah ondan razı olsun) kimi böyük səhabə tərəfindən edilməsi mümkün deyil, çünki o, elmli və təqvalı bir şəxsiyyət idi. Namaz əsnasında belə bir əməli etmək hətta namazı batil edə bilər.
Həmçinin oxuyun: Əl-Maidə surəsinin 54 və 55-ci ayələri haqqında