Qorxuram ki, nə qədər ibadət etsəm də, Cəhənnəmə düşəcəyəm...

    28.01.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Allahın yaratdığı Cənnət və cəhənnəm haqqında oxuyanda və ya qulaq asanda, imanım və Allahdan qorxum güclənir. Elə bil ürəyim Allah, Peyğəmbərləri, əməlisalehləri və Cənnət sevgisiylə alışıb yanır. Bilmirəm Cənnətə düşəcəyəm ya cəhənnəmə. Amma imanım güclü olanda ibadətlərimin(namazın qurtarmağını istəmirəm). Bilirəm, bu sevinc Allah tərəfindəndir. Amma, hərdən elə vəsvəsə gəlir ki, bütün ibadətlərimi yerinə yetirsəmdə axırda hansısa günaha görə cəhənnəmlik olacam.Bu fikir məni tərk etmir. Bu sualdan daha çox adi bir söhbətə oxşadı. Oxuduğunuz üçün təşəkkür. Ola bilər yaşımın az olmağının nəticəsində belə fikirləsirəm. Böyük günahla üzüzə qalmamışam,bəlkə ona görə belədi.
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağış­layaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün bu­lud­larına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşıla­yaram". (ət-Tirmizi, 3540).
Müsəlman qorxu və ümidlə yaşamalıdır. Qorxmalıdır ki, cəzalanar. Ümid etməlidir ki, bağışlanacaq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: "Özünü necə hiss edirsən?" Gənc dedi: "Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahla­rımdan qorxuram". Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun)​ belə buyurdu: "Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona umid etdiyini verər və qorxduğundan da əmin edər". (ət-Tirmizi, 983). Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah belə buyurdu: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Mənə dua et­dik­də, Mən onun yanında oluram". (əl-Buxari "Ədəbul-Mufrad", 616). Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Ona görə siz Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173).

Paylaş: