Təzyiqi aşağı olan adam namaz qıla bilərmi?

    09.12.2019
Kimdən: 
A
Sual: 
Teziqi aşağı olanlar namaz qıla biler ?
Cavab: 
Və aleykum Salam. Namaz elə bir ibadətdir ki, ağlı başında olan və həddi-buluğa çatmış hər bir müsəlman kişi və qadına vacibdir. Digər ibadətlərdən fərqli olaraq namaz hər bir halda, hər bir vəziyyətdə qılınmalıdır. Oruc, həcc və s. bu kimi ibadətlərdən fərqli olaraq namaz qılmaq üçün sağlam olmaq şərt deyil. Uca Allah hətta döyüş meydanında belə namaz qılmağı əmr edərək buyurur: "Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər" (ən-Nisa, 102).
Belə çətin vəziyyətdə namazın vacib olması bu ibadətin İslamda nə dərəcədə əhəmiyyətli olmasını göstərir. Buna baxmayaraq Uca Allah öz lütfü və mərhəməti sayəsində İslamın digər ibadətlərində olduğu kimi bu ibadəti yerinə yetirməyi asanlaşdırmışdır. Belə ki, düşdüyü vəziyyətdən asılı olaraq bacardığı kimi namaz qılmalıdır. Əgər hər hansı bir xəstəlik varsa, oturaraq və ya uzanmış, yaxud insanın rahatlığına uyğun bir vəziyyətdə namaz qıla bilər. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (Səhih əl-Buxari, 1117).
Başqa rəvayətdə isə belə deyilir:"Bunu da bacarmasan, arxası üstə uzanaraq namaz qıl, Allah heç kimi qüvvəsi çatandan artıq yükləməz". (Əbu Davud və ən-Nəsai). Oturan yerdə namaz qılarkən rüku bir az qabağa əyilərək, səcdə isə ondan bir qədər çox əyilərək edilir. Uzanan yerdə bunu bacarmayan isə başını qabağa hərəkət etdirərək qıla bilər. Bunu da bacarmayan, sadəcə ürəyində rükü və səcdə etdiyini fikrindən keçirərək zikrləri edə bilər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: