Zöhr namazını gecikdirib Əsr namazının vaxtında qılmaq olarmı?
Va aleykumus-sələm. Uca Allah bizə gün ərzində beş vaxt namazı vacib etmişdir və bu namazların hər birini müəyyən vaxt ərzində yerinə yetirməyi buyurmuşdur. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Həmçinin namazları vaxtlı-vaxtında qılmayanları və səbəbsiz yerə gecikdirənləri təhdid edərək buyurur: "Vay halına namaz qılanların, O şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Maun, 4-5). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (Səhih əl-Buxari "Məvaqit", 162). Beş vaxt namazın vaxtları səhih hədislərdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tərəfindən bizə bildirilmişdir. Bu hədislərə əsasən gündəlik namaz təqvimləri tərtib olunmuşdur. Namaz qılan insan bu təqvimə əsasən namazlarını vaxtında qılmalıdır. Sübh namazından başqa digər namazlarda hər namazı növbəti namazın vaxtı girənə qədər qılmaq lazımdır. Əgər gecikərsə, namaz qəza sayılır. Sübh namazının vaxtı isə günəşin çıxması ilə bitir. Daha ətraflı:
Namazın vaxtları ilə bağlı hədis
İşa namazının vaxtı nə zaman çıxır?
Tələbə olduğum üçün zöhr namazını əsrlə birləşdirib qıla bilərəmmi?
Şəriətin müəyyən etdiyi səbəblər - səfər, yağış yağması və xəstəlik və s. bu kimi ciddi səbəblər olmadıqda namazları birləşdirmək olmaz. Yalnız şəriətin icazə verdiyi hallarda - səfərdə olarkən, yağış yağarkən və xəstəlik və s. bu kimi ciddi səbəblər olduqda Zöhr namazı ilə Əsr namazını və Məğrib namazı ilə İşa namazını birləşdirmək olar. Əgər qeyd olunan üzürlü səbəblərdən heç biri olmamışsa, sizin Zöhr namazını gecikdirib Əsr namazının vaxtında qılmağınız düzgün deyil. Əgər ağır xəstəlik, əməliyyata girmək, imtahana girmək, xəstəxanaya getmək kimi ciddi üzürlü səbəb yaranarsa bu halda Zöhr namazını gecikdirib Əsr namazının vaxtında və ya Əsri tezləşdirib Zöhr namazının vaxtında qılmaq olar. Eyni ilə Məğrib və İşa namazlarını da bu hallarda belə etmək olar. Bu barədə daha ətraflı buradan oxuyun:
Zərurətdə namazı birləşdirmək olarmı?
Səfər namazı necə qılınır?
Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?