İslam dinini öyrənmək üçün hansı kitabları tövsiyə edərdiniz?
1) İslam dininin iki mənbəyi var, bunlar: Qurani-Kərim və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədisləridir. Quran və hədisləri öz ağlımızla deyil, Peyğəmbərin, onun səhabələrinin və onların yolu ilə gedən alimlərin bizə anlatdıqları kimi başa düşməliyik. Odur ki İslam barədə kitab seçərkən bu kitabda yazılanların doğru mənbələrə əsaslandığına və başda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) olmaqla ümmətin alimlərinin doğru izahı ilə olmasına diqqət etmək lazımdır. İslam dini həm etiqad, həm də ibadətləri əhatə etdiyi üçün ilk olaraq İslamda düzgün etiqadı izah edən kitablardan başlamağınızı tövsiyə edirik. Etiqad barədə "İmanın əsasları" adlı kitabdan başlamağınız yaxşı olar. İbadətlər barədə isə "İslam Fiqhi (Quran və səhih hədislərə əsasən)" adlı kitabı oxumağı tövsiyə edirik. Bu kitab saytımızda mövcuddur: İslam fiqhi (Quran və səhih hədislərə əsasən)
Həmçinin saytımızdakı qısa məqalələri və "Kitablar" bölməsində digər faydalı kitabları oxuya bilərsiniz.
2) Əslində Qurani-Kərimin ayələri açıq-aydındır. Uca Allah öz qullarına asan başa düşülən, aydın ayələr nazil etmişdir. Uca Allah bu xüsusda buyurur: "Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?" (əl-Qamər, 17). Həmçinin buyurur: "Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik" (ən-Nəhl, 89). "Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq". (əl-Ənam, 38).
Quran ayələrini düzgün başa düşmək üçün isə Quran ayələrini təfsir (izah) edən kitblara müraciət etmək lazımdır. Saytımızda Quran ayələrinin bəzi surələrinin təfsiri verilmişdir, bu təfsirlərdən faydalana bilərsiniz. Həmçinin yaxın zamanlarda Allahın izni ilə ən böyük təfsirlərdən olan İbn Kəsir təfsirini hissə-hissə saytımızda yerləşdirməyi planlaşdırırıq. Həmçinin oxuyun:
Ayələrin nazil olma səbəbləri
Təfsir elmi