Dilənçi yalan danışarsa, sədəqə verən savab qazanırmı?
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bizim üzərimizə düşən yalnız insanları zahirinə görə qiymətləndirməkdir. Qəlblərində olanları və onların həqiqi halını isə Uca Allah bilir. Sizdən Allah üçün istəyənə Uca Allahın: "Səndən kömək diləyəni qovma!" (əd-Duha, 10) ayəsinə əməl edərək az da olsa sədəqə verin. Əgər siz sədəqəni Allah üçün, Onun rizasını qazanmaq üçün verirsinizsə, sədəqə alan şəxs yalan danışmış olsa belə, bu sədəqəni Allah qəbul edir və siz buna görə savab qazanırsınız. Uca Allah buyurur: "Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz" (əl-Bəqərə, 272). İbn Kəsir bu ayənin təfsirində demişdir: "Əta əl-Xorasani (Allah ona rəhmət etsin) demişdir: “Ayədə nəzərdə tutulan budur: “Əgər sən malını Allahın Üzünü diləyərək verirsənsə, verdiyin adamın əməlindən sən cavabdeh deyilsən”. (İbn Əbu Hatim, 2860). Buradan çıxan nəticə budur ki, sədəqə verən adam Allahın Üzünü diləyərək sədəqə verərsə, onun mükafatını Allah verər. Verdiyi adamın itaətkar və ya günahkar olmasına, sədəqəyə layiq olub-olmamasına görə ona günah yazılmaz. O, niyyətinə görə savab qazanır. Ayənin sonu da məhz buna dəlalət edir: “Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm”- dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən) çıxdı və (özü də bilmədən) onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir”– deyə danışmağa başladılar. Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”- dedi, sonra verəcəyi sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”- deyə danışmağa başladılar. Adam: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqə) zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm”- dedi, sonra sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir”- deyə danışmağa başladılar. Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqələr) oğruya, zinakara və varlıya qismət oldu”. Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Sənin sədəqən qəbul olundu. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, (ibrət alıb) zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o, (bundan) ibrət alsın və Allahın ona verdiyi nemətlərdən (Onun yolunda) xərcləsin. Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o, (bundan ibrət alsın) və oğurluq etməkdən əl çəksin”. (əl-Buxari, 1332, 1421; Muslim, 1698, 2409). Həmçinin oxuyun:
Sədəqə haqqında
Sədəqə verməyə təşviq
Dilənçilərə pul vermək olarmı?