Kafir kimlərdir?

    22.02.2022
Sual: 
salam aleykum. kafir kimə deyilir?
Cavab: 

Allahın və Onun Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu bir şeyi bilərəkdən danan, ondan üz çevirən, onu inkar edən kafir sayılır. Çünki, küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə inkar edən kafirlər haqqında belə deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!" (ən-Nəml, 14).

"Onlar Allahın nemətini bilir, lakin sonra onu danırlar. Onların əksəriyyəti kafirdir". (ən-Nəhl, 83). Buna da görə də dini termin olaraq küfr, iman edilməsi vacib olan həqiqətlərdən birini inkar etmək deməkdir. Bunun üçün iki şərt vardır;
1. Bu həqiqət insana açıq-aydın çatmış olsun;
2. İnsan, ona gələn bu vəhyi dərk edib anladığı halda, açıq-aydın şəkildə rədd etmiş və inkar etmiş olsun. Bu iki şərt varsa İslama görə o insan Allaha qarşı nankorluq etdiyi üçün "kafir", əməli isə "küfr" olur.

Ümumən isə Allaha və peyğəmbərə inanmayanlar, onları inkar edənlər kafir adlanır. Həmçinin oxuyun:

 

Odur ki, bir insanın qəlbən etiqad etmədən, məcburən və ya səhvən hansısa böyük küfr və ya şirk olan bir əməli etməsi, onu kafir etmir. Uca Allah bu xüsusda buyurur: "Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar". (ən-Nəhl, 106). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043). Həmçinin oxuyun:
Cahillik üzrlüdürmü? 
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?

Paylaş: