Ərşin su üzərində olması və digər hədisləri necə başa düşmək olar? Mumeyyi nədir?

    22.02.2022
Sual: 
Əssalamu əleykum qardaşım Quranda Onun ərşi su üzərindədir buyurur Rəbbimiz birdə Hədisdə Allah ayağını cəhənnəmə salacaq buyurulur bu ifadələrin mənası nədir birdə mumeyyi sözü nə deməkdir Allah sizdən razı olsun
Cavab: 
Va aleykum Salam.
1. Uca Allah buyurur: "Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: "Siz öləndən sonra diriləcəksiniz!"– desən, kafir olanlar: "Bu, açıq-aydın bir sehrdir!"– deyərlər. (Hud, 7).
Həmçinin, Abdullah ibn Amr ibn əl-As rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah məxluqatın qəza və qədərini göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır. Ərşi də suyun üzərində idi". (Səhih Muslim, 4797).
Əbu Hureyrə rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyə­cəyəm". Allah Elçisi dedi: "Allahın Əli doludur. (Bu nemətlərin) səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz". Həmçinin, dedi: "Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə qədər) təsir göstərmə­mişdir. Onun Ərşi suyun üzərindədir, Əlində də tə­rə­zi var. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırır​​​​​". (Səhih əl-Buxari, 4684, 5352, 7496).
Həmçinin, demişdir: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir. Cənnət çayları oradan qayna­yıb axır". (Səhih əl-Buxari, 2790).
Ərşin lüğəvi mənası "əzəmətli kürsü", "hökmdarın kürsüsü" deməkdir. Allahın Ərşi dedikdə isə, Allahın yaratdığı əzəmətli kürsü nəzərdə tutulur. Ərşin ayaqları var və onu mələklər daşıyır. Uca Allah buyurur: "Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır" (əl-Həqqa, 17). O bütün göyləri, yeri və onların arasında olan hər şeyi əhatə edən möhtəşəm bir kürsüdür. Lüğəvi mənada hökmdarların kürsüsü ərş adlansa da, Uca Allahın Ərşinə heç bir ərş bənzəməz. Uca Allah Öz Ərşini əzəmətinə və qüdrətinə layiq tərzdə yaratmışdır. Allahın Ərşi – Onun ən nəhəng və ən əzəmətli məxluqu­dur. O bütün digər məxluqlardan ən uca, ən böyük, ən geniş və ən yüksəkdə olandır. Mərhəmətli Allah Öz Əzəmətinə və Qüdrəti­nə yaraşan bir tərzdə Ərşi üzərinə yüksəlmişdir. Quranda, səhih hədislərdə və bütün İslam alimlərinin söylədiklərində yekdilliklə sübuta yetirilmişdir ki, Uca Allah səmalardan yuxarıda Ərşin üzərindədir və O Ucalardan Ən Ucadır. Allah hər şeydən Ucadır və Ondan yüksək heç nə yoxdur. Uca Allah buyurur: "Mərhəmətli Allah Ərşə ucaldı". (Ta Ha, 5). "O, göyləri, yeri və on­ların ara­sın­dakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu bi­lən­dən soruş!" (əl-Furqan, 59). Allahın Ərşi bütün aləmlərin qübbəsi kimidir. O həmçinin, Cənnətin tavanıdır. Allah Ərşin üzərindədir. Həmçinin oxuyun:

 

2. Bizim üzərimizə düşən Quran və hədislərdə Uca Allahın Özünü vəsf etdiyi sifətləri təhrif etmədən, inkar etmədən, keyfiyyətinə varmadan (necə olduğunu düşünmədən) və (məxluqlara) oxşatmadan isbat etməkdir. Uca Allahın sifətlərini isbat etmək heç də Onu məxluqata bənzətmək demək deyildir. Məsələn hədisdə bildirilir ki, Uca Allah ayağını Cəhənnəmə qoyacaq. Bu o deməkdir ki, Uca Allahın Özünə layiq olan, heç bir məxluqatın ayağına bənzəməyən ayağı var. Quran və hədislərdə sabit olan digər sifətlərin isbatı da belədir. Bir nəfər İmam Malikin yanına daxil olaraq ona deyir: "Ey Əbu Abdullah! Uca Allah Quranda buyurur: "Mərhəmətli Allah Ərşə ucaldı". (Ta Ha, 5). Allah Ərşə necə ucaldı? İmam Malik dedi: "Ucalmaq məlumdur, keyfiyyət dərk edilməz, bu haqda sual vermək bidətdir, buna iman gətirmək isə vacibdir". Sonra əmr edir ki, bu adamı onun məclisindən çıxarsınlar. İmam Malikin dediyi bu sözləri alimlər qayda olaraq götürmüşlər və bütün sifətlərə aid edirlər. Həmçinin, bu sualların cavablarını oxuyun:

 

3. "Mumeyyi" sözü səhih əqidəyə müxalif olanlara qarşı yumşaqlıq, səhlənkarlıq edənlərə verilən bir ad və ya vəsfdir. Sözün əsli isə "ərimək", "dəyişilmək" sözündəndir. Ərəb dilində "məyyə’ə" feli (مَيَّعَ) və ya onun məsdəri olan "təmyi’" (تَمْيِيعٌ) kəlməsi "həll etmək", "əritmək", "mayeyə çevirmək" kimi tərcümə olunur. Beləliklə, lüğəvi mənada mumeyyi (المُمَيِّعُ) – hər hansı bir bərk materialı həll edərək mayeyə çevirən şəxsə deyilir. İmam əl-Buxarinin "Səhih" əsərində rəvayət edilən hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mədinə əhli əleyhinə fitnə-fəsad törədənlər (انماع) duzun suda (ينماع) əridiyi kimi əriyəcək (yəni, "məhv olacaq" - müəllifin qeydi)". (əl-Buxari, 1877).

Şəriətdə isə "təmyi’" sozününü tərifi alimlərin dediyi kimidir: "Nəfsi istəklərin və bidətlərin ardınca gedənlərə münasibətdə, onların bidətləri barəsində susmaq, onlardan çəkindirməkdən imtina etmək, onlar qarşısında yaltaqlanmaq, həmçinin onların səbəb olduğu təhlükə və şərin kiçildilməsi və lazımi qədər qiymətləndirilməməsi şəklində təzahür edən yolverilməz tolerantlıq və həlimlik şəklində Qurana, Sünnəyə və səhih əqidə üzərində olan alimlərin mənhəcinə zidd getməkdir".

Teqlər: 
Paylaş: