Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?

    10.08.2019
Sual: 
oruc tutduqum halda menden karicni leke deyse orucum batildir
Cavab: 

Salam aleykum. Qadından gələn qəhvəyi ləkə və ya bulanıq maye üç halda gələ bilər:

1) Əgər heyzdən az müddət əvvəl gələr, heyz ağrıları ilə bərabər olarsa və bundan az sonra heyz qanı başlayarsa, bu ləkə heyzin bir hissəsidir. Bu halda oruc pozulur hətta orucu açmağa az müddət qalmış olsa belə. Məsələn əgər qadının heyz müddətində bir və ya iki gün qəhvəyi axıntı gəlir, sonra üçüncü gün qan gəlirsə, bu üç günün hamısı heyzdən hesab olunur. 

2) Əgər qəhvəyi ləkələr qandan sonra gələrsə, bu da heyzdən hesab olunur. Rəvayət edilir ki, Ummu Əlqamə demişdir: "Biz üzərində qəhvəyi ləkə olan parçanı Aişəyə (Allah ondan razı olsun) göndərib ondan namaza başlayıb-başlamayacağımız barədə soruşurduq. O isə bizə: "Ağ axıntı görməyincə, təmizlənməyə və namaza başlamağa tələsməyin" - deyə xəbər göndərərdi." (İmam Malik "Muvatta" əsəri, 130)

3) Heyz müddəti bitdikdən və ağ axıntı gördükdən sonra gələn qəhvəyi və ya bulanıq maye heyzdən hesab edilmir. Ummu Ətiyyə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Biz (heyzdən sonra gördüyü­müz) sarı rəngli və ya bulanıq mayeni heyzdən hesab etməzdik.” (əl-Buxari, 326)

Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.
Həmçinin oxuyun: Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam? 

Paylaş: