Hədislərin səhih olması necə təyin edilir?

    05.12.2019
Kimdən: 
Anar
Sual: 
Salam Aleykum. 1. (Kerbelaya getmek peygemberin (Allahin ona ve ailesine salavati ve salami olsun) etmediyi, dine sonradan getirilen yenilik (bidet) oldugu, hemcinin orada sirk emeller edildiyi ucun (qebirde yatan olunu cagiraraq dua etmek, qebri tevaf etmek ve s) haramdir.) Bu ne derecede duzgundur? 2. Hansi (kitablarin) hedisler sehih sayilir, ve hedislerin sehih olmaginin sebebi nedir yeni hedislerin sehih olmagini nece bilirsiniz? 3. Eli Allahin velisidir sozunun menasi nedir? 4. Namazda tesbihati erbee (SubhenAllahi Velhemdulillahi ve la ilahe illelahu vallahu ekber) evezine hansi duani etmek olar? Evvelceden tesekkurler!
Cavab: 
Və aleykum Salam.
1. Dua etmək, təvaf etmək, qurban kəsmək ibadətlərin növlərindən hesab olunur. Bizim dinimiz tövhid dinidir. "Lə iləhə illallah" deyən hər bir müsəlman ibadətlərini yalnız Allaha həsr etməlidir. Allahla yanaşı nə Peyğəmbərə, səhabələrə, imamlara, övliyalara, qəbirlərə, ümumiyyətlə Allahdan qeyrilərinə ibadət etməməlidir. Allahdan başqa heç kəsə dua etməməli, qurban kəsməməli, pənah aparmamalı, təvəkkül etməməlidir. Bu, Allah dərgahında ən böyük günahdır. Bu günah adam öldürməkdən, zina etməkdən, spirtli içki içməkdən və digər günahlardan daha böyükdür. Bu günah Allaha şərik qoşmaq adlanır. Peyğəmbərimiz insanları yalnız Allaha ibadət etməyə çağırmış və şirkdən (Allaha şərik qoşmaqdan) çəkindirmişdir. Peyğəmbər demişdir: "Allah yəhudilərə və xris­tianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər". (əl-Buxari, 435). 
Peyğəmbər bu sözləri ilə ümmətini onların etdikləri şirklərdən çəkindirmiş­dir. Ummu Həbibə və Ummu Sələmə (Allah onlardan razı olsun) Həbə­şis­tanda gör­dükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar bu haqda Peyğəmbərə xəbər vermiş, o da belə demişdir: "Onlar içərilərin­dən əmə­lisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divar­larında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradıl­mışların ən pisi olacaqlar". (əl-Buxari, 427).
Peyğəmbərimiz başqa bir hədisdə: "Mənim qəbrimi ibadətgaha çevirməyin!" - deyərək insanları qəbirlərə ibadət etməkdən qəbirləri ziyarətgaha çevirməkdən çəkindirmişdir. Peyğəmbər vəfat etdikdə onun evində dəfn edilməsi insanların onun qəbrini ibadətgaha çevirməmələri üçün qərara alınmışdır. Bu mövzuda daha ətraflı məlumat əldə etmək üçün bu linkləri oxuyun:
 
2. Bəzi hədis kitablarının müəllifləri kitablarında yalnız səhih hədisləri cəm etməyi şərt qoymuşlar. Bu kitablardan məsələn, əl-Buxarinin "əl-Cəmi əl-Musnəd əs-Səhih" əsərini, Muslimin "Səhih" əsərini, əl-Hakimin "əl-Mustədrək" əsərini, İbn Xuzeymə, İbn Hibban, İbn əl-Səkənin "Səhih" əsərlərini və əz-Ziya əl-Məqdisinin "əl-Muxtəra" əsərlərini misal gətirmək olar. Lakin bunların içində ən səhih olanı əl-Buxari və Muslimin kitablarıdır. Lakin bu, digər hədis kitablarında səhih hədislərin olmaması anlamına gəlmir. Belə ki, digər hədis kitablarında da (Əbu Davud, ət-Tirmizi, İbn Macə, ən-Nəsəinin "Sünən" əsərləri, İmam Əhmədin "Musnəd" əsəri və s.) səhih hədislər çoxdur. Lakin bu kitabların müəllifləri yalnız səhih hədis toplamağı qarşılarına məqsəd qoymamışlar. Mövzuya aid varid olan bütün hədisləri toplamışlar. Bəziləri isə hədisin zəif olduğunu bildirmişlər, bəziləri isə hədisin sənədini gətirməklə bunu bilənlərə həvalə etmişlər. 
Hədis alimlərin müəyyən etdikləri şərtlərə cavab verdikdə səhih sayılır. Səhih hədis, isnadının əvvəlindən axırına qədər dəqiq olan ədalətli ravinin aramsız olaraq digər etibarlı ravilərə müxalif olmadan və qüsursuz (müəlləl) olmadan özü kimisindən xəbər verdiyi hədisdir. Tərifdən göründüyü kimi səhih hədisdə aşağıdakı şərtlər tamamlanmalıdır. Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:
  1. İsnadın aramsız olması: yəni isnadın əvvəlindən axıra qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş (eşitmiş) olmalıdır.
  2. Ravinin ədalətli olması: yəni hədisin ravilərindən hər biri müəy­yən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-buluğa çat­mış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır.
  3. Ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, ravinin ya möhkəm yaddaşı olmalı, ya da yazdıqları hədislərdə dəqiq olmalıdır.
  4. Müxalif (şazz) olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti “məqbul” (“səhih” və ya “ həsən”) sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.
  5. Müəlləl olmaması: Hədisdə (sənəddə və ya mətndə) “illət” olmamalı­dır. “İllət” hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizli, an­la­şılmaz səbəbdir.
 
3. Vəli sözü dost, hami deməkdir. Əli Allahın vəlisidir, yəni Allahın dostudur deməkdir. Həmçinin, vəli sözünün kökündə "yaxınlıq" mənası vardır. Bir şeyin vəlisi ona yaxın olan deməkdir. Həmçinin, məqam baxımından Allaha yaxın olmaqdır. İnsanı Allaha yaxın edən bəzi xüsusiyyətlər vardır ki, bu xüsusiyyətlərə sahib olmaq insanı Allaha yaxın dost edir. Allaha olan yaxınlıq da iki növdür; qul Allaha vəli olduğunda Allah da quluna vəli olur. Quranda "Allah iman edənlərin vəlisidir". (əl-Bəqərə, 257) buyrulmuşdur. Allahın "əl-Vəli" ismi, "möminlərə yardım edən, onları qoruyan, nəzarət edən, onların yaxını və dostu" anlamına gəlir. Hər bir mömin Allahın vəli qullarından sayılır. Uca Allah buyurur: "Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur". (Yunus, 62-64).
"Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun". (əl-Maidə, 55-57).
"Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar". (əl-Bəqərə, 257).
Həmçinin, səhih hədislərdən birində Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: "Şübhəsiz ki, Allahın qullarından bəzi insanlar vardır ki, onlar nə Peyğəmbər, nə də şəhidlərdir. Lakin qiyamət günündə Allah qatındakı mövqelərindən ötəri nəbilər və şəhidlər onlara qibtə edəcəklər". Əshabələr dedilər: "Ey Allahın Elçisi bizə xəbər ver, onlar kimlərdir?" Rəsulullah: "Onlar elə bir camaatdır ki, aralarında bir qohumluq, alıb-verəcəkləri mal-mülk olmadan Allah üçün bir-birlərini sevərlər. Vallahi şübhəsiz ki, onların üzləri tərtəmiz nurdur. Şübhəsiz onlar nur üzərindədirlər (İşləri nurdur). İnsanlar qorxduğu zaman onlar qorxmazlar, xalq qəmli olduğu zaman onlar qəmli olmazlar"  buyuraraq bu ayəni oxudu: "Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur". (Yunus, 62-64)". (Əbu Davud "İcarə", 76; Məc'maut-Təfasir "Lubabut-Tə'vil", 3/267; Təfsirul-Quranil-Azim, 2/ 422-423; 3/291; Riyazus-Salihin s. 874).
Həmçinin oxuyun: Övliya kimdir?
 
4. Namazda qeyd etdiyiniz şəkildə dua oxunmur. Namazda oxunan duaları buradan öyrənə bilərsiniz:
Paylaş: