Ərimin anasına həddindən artıq bağlı olması, ailə sirlərimizi onunla bölüşməsi və məni ikinci plana keçirməsi düzgündürmü?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, yoldaşınızın anasına hörmət etməsi, onunla məsləhətləşməsi və valideynlərinə bağlı olması öz-özlüyündə pis xüsusiyyət deyil. İslamda valideynlərə yaxşılıq etmək böyük bir əməldir. Lakin valideynlərə yaxşılıq etmək həyat yoldaşının haqqını tapdalamağa gətirib çıxarmamalıdır. Kişi anasına hörmət etməli, onunla əlaqə saxlamalı və ehtiyac olduqda məsləhətləşməlidir. Ancaq ailəsinə aid qərarları həyat yoldaşı ilə müzakirə etməli, ailə sirrlərini qorumağı bacarmalıdır. Ər-arvad arasındakı şəxsi münasibətlər, mübahisələr və məhrəm məsələlər başqalarına danışılmamalıdır. Kişinin anasına olan sevgisi həyat yoldaşına qarşı məsuliyyətini azaltmamalıdır. Həyat yoldaşı da onun yanında özünü güvəndə, dəyərli və hörmətli hiss etməlidir. Mənim sizə tövsiyəm budur: Yoldaşınızla mübahisə etmədən, anasına qarşı olmadığınızı, əksinə, onun valideynlərinə hörmət etməsini istədiyinizi bildirin. Ancaq özünüzün də onun həyat yoldaşı olduğunuzu, ailənizin özəl məsələlərinin qorunmasını və qərarların birlikdə verilməsini gözlədiyinizi gözəl şəkildə söyləyin. Kişinin anasına yaxşı övlad olması onun həyat yoldaşına yaxşı ər olmasına mane olmamalıdır. Eyni zamanda yaxşı ər olmaq da anasına qarşı vəzifələrini unutmaq anlamına gəlməmlidir. Ailə həyatı qarşılıqlı sevgi, etibar və məsuliyyət üzərində qurulmalıdır.
Uca Allah aranızdakı məhəbbəti artırsın, yoldaşınıza ailə məsuliyyətini dərk etməyi, sizə isə səbir və hikmət nəsib etsin. Həmçinin oxuyun: