Sübh namazının sünnətində hansı surələr oxunur və digər suallar

    30.10.2014
Kimdən: 
مهدي بن جعفر
Sual: 
Assalamu Aleykum Va Rahmatullah... 1) Sübh namazından əvvəl qılınan iki rükət sünnətdə adətən hansı surələr oxunur? 2)Muselmanlara qarshi kin beslememek uzde nurun olmasina sebeb ola bilermi? 3) Hansı peyğəmbər, rəsullallahın (sallallahu aleyhi və səlləm) dünyaya gəlməsini müjdələmiş və hansı surədə buna toxunulmuşdur? 4) Hədisdə gəlir ki, peygember (s.a.s) yəhudinin cənazesini görüb ayağa qalxdi. Bunun sebebi nedir? 5) Qadin neche gun yas saxlaya biler? 6) Azan verende iki eli qulagin dibine qoyub azan vermek shertdir, yoxsa tek el ile ve ya elsiz de azan vermek olar?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullah. 
1)
Ümumiyyətlə namaz qılarkən əl-Fatihə surəsindən sonra Qurani Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Peyğəmbər əl-Fatihədən sonra bəzən uzun, bəzən də qısa surələrdən oxuyardı. Buna görə də Qurandan əzbər bildiyimiz surələri unutmamaq üçün həmişə eyni surələri oxumaq əvəzinə başqa surələri və ya ayələri oxumaq daha düzgün olardı.  Aişə (radıyallahu anhə) belə demişdir: “ Rəsulullah sübh namazından əvvəl iki rükət (nafilə namazını) o qədər qısa qılardı ki, mən (öz-özümə): “Görəsən o əl-Fatihə surəsini oxudumu?” deyərdim”. (Buxari, 1171).
Rəsulullahın səhər namazının sünnətində qısa surələrdən və ya bir neçə ayə oxuduğu bildirilir. (Buxari, Muslim, Əbu Dəvud).
Bəzən birinci rükətdə “əl-Kəfirun” surəsini, ikinci rükətdə də “əl-İxlas” surəsini oxumuşdur. (Muslim, Tirmizi).

Bəzən də birinci rükətdə əl-Bəqərə surəsinin 136-cı ayəsini, ikinci rükətdə Ali İmran surəsinin 52-ci ayəsini və ya 64-cü ayələrini oxuduğu rəvayət olunur. (Muslim, Əbu Dəvud, Nəsəi).

Rəsulullahın səhər namazının fərzində isə əl-Fatihədən sonra oxuduğu rəvayət olunan surələrin bəziləri bunlardır: 
Sübh namazının fərzində rəsulullah "Tivalu-l-Mufəssəl" (əl-Hucurat surəsindən əl-Buruc surəsinin sonuna qədər olan surələr bu qrupda yer alır) olaraq adlandırılan uzun surələri oxuyardı. (Nəsəi).
İbn Məsud (radıyallahu anhu) belə rəvayət edir: "Sübh namazının birinci rükətində əl-Ənfəl surəsindən qırx ayəyə qədər, ikinci rükətində isə müfəssəl surələrdən birini oxumuşdur". (Buxari).
Digər rəvayətə görə rəsulullah bir dəfə səfərdə olarkən, sübh namazının fərzində “Qul əuzu bi-rabbi-l-Fələq” və “Qul əuzu bi-rabbi-n-Nəs” surələrini oxumuşdur. (Əbu Dəvud, Nəsai).

Həmçinin, ət-Tur surəsi (Buxari, Mus­lim)Qaf surəsi (Muslim, Tirmizi)ət-Təkvir surəsi (Muslim, Dərimi, Nəsəi, İbn Məcə, Əbu Dəvud), ər-Rum surəsi (Nəsəi, iftitəh, 41), əl-Mu'minun surəsi (Buxari, Muslim, Əbu Dəvud, Nəsəi), əz-Zəlzələ surəsi (Əbu Davud, Salət,134).
İbn Abbas (radıyallahu anhumə) belə nəql edir: "Peyğəmbərimiz cümə günü, sübh namazında əs-Səcdə, və əd-Dəhr surələrini oxuyardı. Yenə rəsulullah cümə namazında əl-Cumuə və əl-Munəfiqun surələrini oxuyardı". (Muslim, Əbu Dəvud, Tirmizi, Nəsəi).

2) Bəli, qeyd etdiyiniz xüsusiyyət üzdə nura səbəb ola bilər. Belə ki, hədisdə bildirilir ki, Əbu Ducənə (radıyallahu anhu) adlı bir səhabə xəstə idi. Onu görməyə gələnlər üzünün çox nurlu olduğunu görəndə soruşurdular: "Üzünün belə nurlu olmağının səbəbi nədir? O da cavab verdi: Mənim həmişə etdiyim iki əməlim var. Hər halda onunla əlaqəlidir. Biri mənə aid olmayan şey haqqında danışmamağım, digəri isə müsəlmanlara qarşı ürəyimdə heç bir pis niyyətin olmamasıdır". (Hədis səhihdir)

3) İsa peyğəmbər əs-Saff surəsində Məhəmməd peyğəmbərin gəlişini müjdələmişdir. Uca Allah buyurur: "Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər". (əs-Saff, 6).
Xatırladaq ki, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) adlarından biri də Əhməddir.

4) Cabir ibn Abdullah (radıyallahu anhu) belə nəql edir: “Yanınızdan cənazə aparırdılar. Bu vaxt peyğəmbər (sallallahu aleyhi və səlləm) ayağa qalxdı və biz də onunla birlikdə ayağa qalxdıq. Biz dedik: “Ey Allahın elçisi! Axı bu, yəhudinin cənazəsidir”. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi: “Cənazə gördüyünüz zaman ayağa qalxın!”. (Buxari, 1311).
Alimlər izah edir ki, burada peyğəmbərin və səhabələrin ayağa qalxması cənazəyə hörmət əlamətinə görədir.

5) Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yalnız əri üçün dörd ay on gün (yas saxlaya bilər)". (əl-Buxari, 1281)

6) Hədislərdə rəvayət olunur ki, Bilal (radıyallahu anhu) azan verərkən əllərini qulaqlarının dibinə qoyaraq verərdi. Ona görə də, hər iki əli qaldırmaq yaxşıdır.

Paylaş: