Qeybət etmək haqqında

    14.06.2015

Dilini haramdan qorumaq müsəlmanın riayət etməli olduğu ən vacib məsələlərdəndir. Dilin işlədiyi haramlara yalan, qeybət, böhtan, söz gəzdirmək, lağ etmək, söymək və s. daxildir.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir". O dedi: "Qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaq" Dedilər: "Bəs dediyim şey qardaşımda varsa necə?" O dedi: "Əgər dediyin şey onda varsa onun qeybətini etmiş olursan, yox, əgər yoxdursa, ona böhtan atmış olursan" (Muslim, 2589)
Söz gəzdirmək isə bir insanın fitnə-fəsad yaradacaq bir sözünü başqasına deməkdir.

Qeybətin cəzası

Uca Allah qeybət edənlərin Cəhənnəmdə əzab görəcəklərini Qurani-kərimin Huməzə surəsində bildirmişdir: "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (əl-Huməzə surəsi, 1)
Peyğəmbər demişdir: "Ey qəlbinə iman girmədiyi halda, dili ilə iman gətirdim deyənlər! Müsəlmanların qeybətini etməyin! Onların gizli işlərini açmayın! Kim onların gizli işlərinin dalınca düşərsə, Allah da onların gizli işlərinin dalınca düşər. Allah kimin gizli işinin dalınca düşərsə, harada olursa olsun, hətta evində olsa, onun sirlərini açar". (Əbu Dəvud)
Rəsulullah iki qəbrin yanından keçərkən demişdir: "Bu iki nəfər təharət əsnasında üstünə sıçrayan sidiyə diqqət etmədikləri və qeybət etdikləri üçün qəbirdə əzab görürlər" (Buxari, Muslim)
Qeybət edən şəxs həmçinin qardaşının haqqına girdiyi üçün Qiyamət günü onun savablarından götürülərək qardaşına verilir. Daha ətraflı: Qul haqqı barədə

Qeybətin kəffarəsi

Qeybət edən ilk növbədə əməlinə görə peşman olaraq tövbə etməli, Allahdan bağışlanma diləməlidir. Həmçinin qeybətini etdiyi insan üçün Allaha xeyirli dualar etməlidir. Digər insanların yanında həmin şəxsin müsbət cəhətlərini xatırlamalı, onun haqqında xoş danışmalıdır. Söz həmin insana çatıbsa, ondan halallıq istəmək lazımdır.

Paylaş: