Və aleykum Salam.
1) Dediyiniz ifadəni ürəyinizdən keçirdiyinzə görə buna görə sizə günah yazılmır, çünki insanın ürəyindən keçən fikirlər günah sayılmır. Bəzən şeytan insanın ürəyinə Allah barədə, din barədə küfr fikirlər salır və insan bu fikirlərə görə dindən çıxdığını hesab edir. Əslində isə bu belə deyil. Uca Allah insanın qəlbindən keçirdiyi şeyləri dilinə gətirməyincə və ya əməl etməyincə bu fikirlərə görə ona günah yazmır. Ümumiyyətlə, Uca Allahı məxluqla müqayisə etmək düzgün deyil. Uca Allahın lütfü və mərhəməti hədsizdir. Uca Allah buyurur: "Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz". (ən-Nəhl, 74). Uca Allah heç kəsin əməlini zay etməz. Həmçinin oxuyun:
İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?
Ətrafınızdakı insanlara xoş gəlməsə belə, Allahdan ümidi kəsmədən Ona ibadət etməkdə davam edin. Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər. (Basqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar. (Basqa rəvayətdə: Onun işini insanlara həvalə edər)". ("Səhih əl-Cami", 5886, 6097). Siz namazları vaxtında bacardığınız şəkildə qılaraq Allahı razı salmağa çalışın. Günah işlərdə isə valideyn olsa belə məxluqlara (yaradılmışlara) itaət etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Uca Allaha asilik olan əməllərdə, valideynlər olsa belə məxluqa itaət etməyi qadağan edərək demişdir: "Xaliqə (Yaradana) asi olmaqda məxluqata (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd "Musnəd", 1095). Həmçinin demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840).
Namaz Allahın haqqıdır. Bir insanın övladlarının
namaz qılmasına mane olması, sözsüz ki, böyük günahdır. Gizlində olsa da, namaz qılmağa çalışın, əgər namaz vaxtı valideyniniz sizdən bir iş tələb etsə, boş vaxtınız olan kimi namaz qıla bilərsiniz. Əgər mümkün deyilsə, namazları heç kəsin görmədiyi otaqda da qıla bilərsiniz və bu, namazı batil etmir. Allaha çoxlu
dua edin ki, valideynlərinizə hidayət versin və gözəl şəkildə haqqa dəvət etməyə çalışın. Həmçinin oxuyun:
2) Ümumiyyətlə insan Allah, Din, Peyğəmbər, Quran və s. bu kimi Allahın dini ilə əlaqəli şeylər barədə danışarkən çox diqqətli olmalıdır. Çünki bəzən insan əhəmiyyət vermədiyi bir kəlmə onu dindən çıxara bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, adam Allahı razı salan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah onun sayəsində həmin adamı dərəcələrə yüksəldər. Həmçinin, adam Allahın qəzəbinə səbəb olan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah buna görə həmin adamı Cəhənnəmə giriftar edər". (Səhih əl-Buxari, 6478). Zarafatla olsa belə, küfr mənalı sözlər danışmaq böyük günahdır və bu kimi sözlər insanın dindən çıxmasına səbəb ola bilər.
Rəvayət edilir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Təbuk döyüşündə olarkən bir kişi məclisdə dedi: "Bizim aramızdakı Quran oxuyanlardan acgöz, yalançı və döyüşdə qorxaq olan bir kimsə görmədim". Belə deməklə o, səhabələri nəzərdə tuturdu). Bu zaman səhabələrdən biri dedi: "Yalan danışırsan! Sən münafiqsən! Bu haqda mütləq Allah Elçisinə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verəcəm". Bu xəbər Allah Elçisinə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çatdıqda bu ayə nazil oldu: "Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik". Abdullah ibn Ömər dedi: "Mən bu sözü deyənin Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dəvəsinin yüyəninə sarılıb yalvararaq: "Ey Allahın Elçisi, biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik!"- dediyini gördüm. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də ona bu ayəni oxudu: "Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik". (ət-Tövbə, 65-66)". (ət-Tabəri "Camiul-Bəyan" 16912, 16993; İbn Əbu Hatim "Təfsir", 10047).
Allahdan başqasına ibadət etmək şirkdir və bu əməl insanı dindən çıxarır. Bu səbəbdən belə deməklə zarafat etmək haramdır. Hər bir halda tövbə etmisinizsə, Uca Allah tövbələri qəbul edəndir. Çalışın bir daha bu əmələ qayıtmayasınız.
Qadınlar heyz olduğu müddətdə namaz qılmır və oruc tutmur. Heyz müddəti bitdikdən və heyzdən təmizləndikdən sonra isə qüsl edib namaza başlamalıdır. Həmçinin oruclarını da tutmalıdır. Heyz qüslü etmək vacibdir. Bəzən şeytan insana vacib olan əməlləri ona çətin göstərməklə insanı Allahın yolundan azdırmaq istəyir. Bu vəsvəsələrə fikir verməyin. Dinimiz həqiqətən təmizliyi və asanlığı əmr edir. Əgər su yoxdursa və ya qüsl almaq çətinlik yaradırsa, Uca Allah təyəmmüm almağı icazəli etmişdir. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah buyurur:
"Allah sizi çətinliyə salmaq istəməz", yəni bu səbəbdən Uca Allah sizin üçün hər şeyi asanlaşdırmışdır, çətinləşdirməmişdir. Xəstə olduqda və ya su tapa bilmədikdə sizə rahat olsun deyə təyəmmüm almağa icazə vermişdir və təyəmmüm almağa haqqı çatan kəslər üçün təyəmmümü suyu əvəz edən vasitə etmişdir". Həmçinin oxuyun:
Qüslü vacib edən hallar