Allah bu dünyada olanlara qarışırmı?

    14.12.2019
Kimdən: 
Kənan
Sual: 
Salam aleykum. 2 sualım olacaqdı zehmet olmasa cavablandırardız. Birinci sualım:Bu dünyada ceza varmı? Yoxsa bütün günahların cezasıcehennemdemi odenilecek?. İkinci:Allah bu dunyada olanlara qarışırmı? Bildiyime göre qarışsa edaletsizdik olar. Eger qarışmırsa biz niye dua edirik? Tesekkürler.
Cavab: 

Və aleykum Salam.
1. Uca Allah bəzi günahların cəzasını bu dünyada verir, bəzi günahların cəzasını isə Axirətə saxlayır. Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır". (əl-Əhzab, 57).
"Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz". (əl-Nur, 19).
"Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir". (ən-Nur, 23).
Bu ayələrdən göründüyü kimi bəzi günahların cəzası bu dünyada verilir. İslam alimləri onlardan bəzilərini qeyd etmişlər. Məsələn, valideynlərin üzünə ağ olmaq, zülm etmək, böhtan atmaq, həddi aşmaq, haqqı rədd etmək, nankorluq etmək, dünyaya həris olmaq, Allah barəsindən pis zənndə olmaq, təkəbbürlük, xəyanət etmək, yalan danışmaq, zina, oğurluq etmək, qohumluq əlaqələrini kəsmək və s. günahlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə qarşı edilən itaətsizlik, qohumluq əlaqələrini kəsmək və zülm etmək bundan istisnadır. Allah ona ölümündən öncə dünyada bunların cəzasını verər". (ət-Tirmizi; Əbu Davud, İmam Əhməd; İbn Məcəh). Həmçinin oxuyun:
Günahların insana nə kimi zərərləri var?
Allah insanları hansı şəkildə imtahan edir?

2. Uca Allah hər şeyi bilən, eşidən və görən, hər şeyə qadir olandır. O, bəzi insanların düşündüyü kimi kainatı yaradıb bir tərəfə çəkilməmişdir. Uca Allah əl-Həyy və əl-Qəyyumdur. Bu o deməkdir ki, Allah daima yaşayan, yeddi qat səmanı və yeri, orada olanları bir anlıq belə nəzarətsiz qoymayandır. O, bəndələrinin hər bir halından xəbərdar olan və onların etdiklərini görəndir. O, bəndələrinə ağıl, iradə, yaratmaq və əməl etmək azadlığı bəxş etmişdir. Sizin toxunduğunuz məsələ Allahın qəzavu qədəri ilə bağlıdır. İnsanlar qədər məsələsində üç qrupa bölünmüşlər:
Birincisi, insanlardan bəziləri etiqad edir ki, insan etdiyi əməllərdə ixtiyar sahibi deyil və insanın etdiyi hər bir əməl, hətta günahlar belə Allaha itaət sayılır, çünki o, Allahın qədərinə tabe olur. Bu firqə "Cibriyyələr" adlanır. Sözsüz ki, bu, batil etiqaddır. Əgər belə olsaydı, günahlara görə cavabdehlik olmazdı və cəzalar tətbiq olunmazdı.
İkinci qrup: Uca Allahın, ümumiyyətlə qulların gələcəkdə etmək istədikləri əməllərdən xəbərsiz olduğunu deyənlərdir. Bu da sözsüz ki, batil bir etiqaddır. Çünki Uca Allaha gizli qalan heç nə yoxdur.
Üçüncü qrup: Doğru əqidədir. Bu əqidəyə görə insan etdiyi əməllərdə ixtiyar sahibidir, sərbəstdir. Lakin bu sərbəstlik mütləq deyil. İnsan Uca Allahın Öz əzəli elmi ilə insan hələ ana bətnində olarkən yazdığı qədərə uyğun əməl edir. Bu, heç də insanın əməlləri etməyə məcbur olması anlamına gəlmir. İnsan əməlləri öz ixtiyarı ilə edir və etdiyi əməllərə görə məsuliyyət daşıyır. Lakin bu sərbəstlik məhduddur, tam sərbəstlik deyil. Uca Allah buyurur: "Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!" (əl-İnsan, 29-30).
İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Bir dəfə bir nəfər Pey­ğəm­bərə (salləllahu aleyhi və səlləm) dedi: "Ey Allahın Elçisi, kimlərin Cənnət əhli, kimlərin də Cəhən­nəm əhli olduğu bəllidirmi?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Bəli!"– dedi. Adam soruşdu: "Elə isə insanla­rın gördükləri işlər nəyə lazımdır?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Hər kəs nə üçün yaradılmış­sa, (yaxud hər kəsə nə asanlaşdırılmışsa), ona uyğun da əməl edər" (Səhih əl-Buxari, 6596).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Pey­ğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə belə bir hədis danışmışdır: "Sizlər­dən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə ha­lın­da, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah (onun yanına) bir mələk göndərir. Bu mələyə dörd şey (yaz­maq) əmr edilir və ona: "(Bu uşağın) əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoş­bəxt olacağı­nı yaz!" - deyilir. Sonra ona ruh üfürülür". (Səhih əl-Buxari, 3208). Hədisdən göründüyü kimi insan hələ ana bətnində olarkən Uca Allah Öz əzəli elmi ilə onun bu dünyada etdikləri əməlləri yazır.
Ümumiyyətlə bilmək lazımdır ki, qədər mövzusu İslamda ən ağır mövzulardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir"Səhabələrim haqda söhbət düşdükdə susun! Ulduzlar haqda söhbət düşdükdə susun! Qədər haqda söhbət düşdükdə susun!" (ət-Tabərani "Mu'cəmul-Kəbir" 1411, 10296).
Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah məxluqatı yaratmazdan əvvəl onların qədərini yazmışdır, lakin bununla bərabər insan duadan tutmuş bütün əməlləri öz seçimi ilə, heç bir məcburiyyət olmadan edir. İnsan seçim etməkdə müstəqil olduğu üçün məsuliyyət daşıyır, əks halda Qiyamət günü insanlar günahları məcburən etdiklərini bəhanə gətirərdilər. Həmçinin oxuyun:  
Dualarımızda istədiyimiz hər şeyi əvvəlcədən Allah bizim üçün təqdir edibsə, nə üçün dua edirik?
Qədəri bəhanə gətirənlərə cavab

 

Teqlər: 
Paylaş: