Təşəhhüddə şəhadət barmağı ilə işarə etməmək namazı batil edirmi?

    16.04.2020
Kimdən: 
Ramin
Sual: 
Salam namazda təşəhüddə sağ əlin işarə barmağı açıb orta və baş barmağla halqa etmək fərzdir? Belə etməsək sol əl kimi qoysaq namazımız səhih olar birdə xaiş edirəm cavablandırın 2 səcdə arasında Rabbiğfirli sözü neçə dəfə deyilməlidir
Cavab: 

Va aleykumus-sələm. Təşəhhüd deyərkən sağ əlin baş barmağını orta barmaqla həlqə şəklində birləşdirərək şəhadət barmağını uzatmaq vacib deyil, müstəhəbdir. Təşəhhüd deyərkən sağ əli sol əl kimi qoymaq namazı batil etmir. Lakin bu, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnəsinə uyğun deyil. Peyğəmbərin namazını vəsf edən səhabələr onun namazda təşəhhüd deyərkən sağ əlinin orta barmağı ilə baş barmağını halqa şəklinə salıb şəhadət barmağı ilə işarə etdiyini bildirmişlər. Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) təşəhhüddə sağ əlini sağ buduna, sol əlini sol buduna qoyar, sağ əlinin orta barmağı ilə baş barmağını halqa şəklinə salıb şəhadət barmağı ilə işarə edərdi". (Muslim, 1336). Sözsüz ki, ən doğru yol və ən düzgün namaz Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31). 
Ona görə də, namazı Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin (Allah onlardan razı olsun) qıldığı şəkildə qılmaq lazımdır. Çünki, ibadətin qəbul olunmasının şərtlərindən biri də onu Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirməkdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın". (Səhih əl-Buxari, 631). Həmçinin oxuyun:
Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
Namazı necə qılmağın fərqi varmı?

İki səcdə arasında ən azı bir dəfə "rabbi-ğ'firli" (Ey Rəbbim, məni bağışla) demək vacibdir. Lakin, bu zikri iki dəfə təkrarlamaq sünnəyə daha uyğundur. Həmçinin bu zikri dedikdən sonra əlavə dualar da etmək olar. İki səcdə arasında deyilən zikrlər barədə daha ətraflı bu linklərdən oxuyun:
İki səcdə arasında "Rabbiğfirli" deyilməsə, namaz batil olarmı?
İki səcdə arasında oturduqda edilən dua

Teqlər: 
Paylaş: