Nafilə və fərz namazları hansılardır?

    11.10.2014
Sual: 
Salam. Nafilə və fərz namazları nə deməkdir və necə qılınır? Qurban bayramının qüsl niyyəti necə deyilir?
Cavab: 

Aleykum salam. Fərz namazları Uca Allahın gündə 5 dəfə qılmağı əmr etdiyi namazlardır, onları qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Nafilə namazları isə qılmamaq olar, lakin qılmaq savabdır. Bu cavabları oxuyun:
Fərz namazları hansılardır? 
Fərz namazlarının sünnətləri neçə rükətdir?

Sünnət namazlarına dair hansı hədislər varmı?
Günün istənilən saatında nafilə namaz qılmaq olar?

Nafilə namazlara fərz namazlarının sünnətləri, gecə namazı (təhəccüd), təravih namazı (Ramazanda qılınır), duha namazı (gün çıxandan zöhr namazının vaxtı girənədək qılınır), təhiyyətu-l-məscid (məscidin haqqı - məscidə girərkən qılınır), xusuf və kusuf namazları (ayın və günəşin tutulması zamanı qılınır) kimi rəsulullahdan təkid olunmuş sünnət namazları, həmçinin bəndənin istənilən digər vaxtda Rəbbi üçün qıldığı namazlar daxildir.

Nafilə namazları, bəndənin Uca Allaha yaxınlaşması üçün əsas vasitələrdən biridir. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər verir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari).
Bunları davamlı olaraq qılmaq qulun dərəcəsini artırar və günahlarının bağışlanmasına səbəb olur. Hətta bu sünnətlərdən bəziləri, məsələn sübh namazının sünnəti digər sünnətlərə (nafilələrə) nisbətdə daha fəzilətlidir. Allah Rəsulu (salləllahu aleyhi va səlləm) buyurur: "Sabah namazının iki rükət sünnəti dünyadan və dünyadakı hər şeydən daha xeyirlidir". (Muslim).
Allah Rəsulu (salləllahu aleyhi va səlləm) buyurur: "Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcəkdir. Əgər fərzlərindən əskiklik çıxarsa Uca Allah "Görün qulumun dəftərində nafiləsi varmı?" - deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər". (ət-Tirmizi).

Bayram namazı üçün qüsl digər qüsllar kimi adi qaydada alınır və niyyət də dil ilə tələffüz edilmədən yerinə yetirilir. Ümumiyyətlə niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bütün əməllər yalnız niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...". (əl-Buxari).
Peyğəmbər (salləllahu aleyhi va səlləm) heç bir ibadətin heç bir növündə niyyətini dil ilə söyləməmişdir. Niyyətin yeri qəlbdir. Qeyd etdiyiniz şəkildə niyyəti dilə gətirmək Peyğəmbərdən (salləllahu aleyhi va səlləm) sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq".

Paylaş: