İradəm zəif olduğu üçün orucu pozuram və qəlbim sıxılır...
Va aleykum Salam.
1. Heç bir zəruri və istisna hal olmadan Ramazan orucunu tutmamaq və ya tutub iftar vaxtı gəlmədən pozmaq böyük günahdır. Sizdə olan bu hal iradə zəifliyindən deyil, şeytanın vəsvəsəsindən irəli gəlir. Tövbə edin, Uca Allaha dua edin, imanınızı Allaha olan itaətlərlə artırmağa çalışın və heç bir zəruri hal olmadan orucunuzu pozmayın. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Günahı necə tərgitmək olar?
2. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...". (əl-Buxari, "Sovm", 7; ət-Tirmizi, 682). Hədisdə şeytanların ən şərlilərindən söhbət gedir, ümumən Ramazan ayında da insanlara vəsvəsə gəlir. Vəsvəsələrdən də Allaha sığınmaq lazımdır. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Vəsvəsəyə əhəmiyyət verməyərək Allaha itaəti çoxaltmaq lazımdır ki, bir müddət sonra Allahın izni ilə keçib getsin. Həmçinin daha çox Qurani Kərim oxumaq (həm azərbaycanca tərcümə, həm ərəbcə), evdə Quran oxunmasına qulaq asmaq (çünki şeytan belə evdən qaçır), namaz qılmaq, zikrləri etmək (namazdan sonra, yatmazdan əvvəl, yuxudan oyandıqda, evdən çıxarkən və evə gələrkən, ayaqyoluna girərkən, ayaqyolundan çıxarkən və s.), dini bilikləri artırmaq və s. xeyirli əməlləri çoxaltmaq lazımdır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə rahatlıq tapmışdır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Ra'd, 28).
Daha ətraflı: Vəsvəsədən necə qorunmaq olar?