Hənəfi məzhəbində namazın vaxtları digər məzhəblərdən nə üçün fərqlidir?

    30.07.2021
Sual: 
Salamun aleykum ve rexmetullahi ve bereketuh. Bele bir proqram yaratdiqiniz ucun Allah razi olsun. Size bir nece sualim var. Ama xahiw edrem burda yazin cavabin linklere yonlendirmeyin. Ilk onceden Allah(cc) razi olsun. 1. Hebefi mezhebi diger 4 mezhebden nie namaz vaxdina ve saire gore ferqlenir? Ve bunlarin Peyqember efendimizin(sav) qildiqi namaza yaxin olani hansidir? 2.Tovbeni defelerce pozmaqin gunahi nedir?Yeniden hemin insan tovbe edib onu pozmazsa Allah(cc) qebul edermi? 3.Namaz qilmayan birisi kesen heyvani yemey olarmi? 4.Kicik bayir zamani cinsiyet uzvu yuyulmalidirmi? 5. Vitir namazini Iwadan sonra qilib daha sonra Teheccud qilmaq olarmi ve 4 ruket Teheccud nece qilinir?
Cavab: 

Aleykum salam. 
1) Hənəfi məzhəbi ilə digər məzhəblər (Maliki, Şafei və Hənbəli) arasında olan müxtəlifliyin bir çox səbəbləri var. Bu səbəblərdən biri də İmam Əbu Hənifəyə namazın vaxtlarına dəlalət edən hədislərin bəzilərinın çatmaması və ya onun bu hədisləri fərqli başa düşməsidir. 
Allaha həmd olsun ki, məzhəblər arasında olan fikir ayrılıqları etiqad məsələlərində deyil, bəzi fiqhi məsələlərdədir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) dörd məzhəb imamları arasında yaranmış bu fikir ayrılığının səbəbləri barədə ayrıca kitab yazıb. Kitabın adı belədir: "Böyük alimlərdən qınağın qaldırılması" (Raful-mələm ən Əimmətil-Ələm). Həmin kitabda müəllif belə buyurur: "Bilinməlidir ki, ümumi şəkildə qəbul olmuş imamlardam heç biri Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sünnəsinə heç bir halda müxalif olmaq istəməyib. Bu, istər kiçik, istərsədə böyuk məsələlərə aiddir. Əksinə, onlar Allahın Elçisinə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olmağın vacib olması barədə qətiyyətlə ittifaq etmişlər. Həmçinin bildirmişlər ki, Allah Elçisindən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) başqa hər kəsin sözü götürülə, yaxud da tərk oluna bilər. Odur ki, dörd məzhəb imamlarının hər hansı birindən səhih hədisə muxalif olan bir rəy gələrsə, onun bu hədisə müxalif olmasına mütləq bir üzürlü səbəbi olub". Bu səbəblərdən bir neçəsini qeyd edək:

Birinci səbəb: Ola bilsin ki, həmin hədis ona yetişməyib.

İkinci səbəb: Ola bilsin ki, hədis ona çatıb, lakin həmin alimə görə bu hədis səhih deyil.

Üçüncü səbəb: Ola bilsin ki, onun rəyinə görə bu hədis zəifdir, başqası isə həmin hədisi səhih sayır.

Dördüncü səbəb: Ola bilsin hədis ona yetişib və onu səhih sayıb, lakin sonradan onu unudub.

Hənəfi məzhəbi ilə digər məzhəblər arasında əsasən iki namazın vaxtında müxtəliflik var. Birincisi Əsr namazıdır ki, bu barədə daha ətraflı: Namaz təqvimlərində Əsr namazının vaxtının bir saat fərqli olmasının səbəbi nədir?

İkincisi isə Sübh namazıdır ki, Hənəfi məzhəbinə görə Sübh namazını gecikdirmək daha əfzəldir. Dəlil olaraq bu hədisə əsaslanmışlar: Rafi ibn Xədic (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Sübh namazını aydın vaxtda qılın! Çünki bunun daha böyük əcri var" (İmam Əhməd, 15819; ət-Tirmizi, 154; Əbu Davud, 424). Burada "aydın vaxtda qılın" cümləsinin mənası "dan yeri söküldüyünə əmin olduqdan sonra" deməkdir. Çünki Sübh namazının vaxtı barədə gələn digər hədislərə baxsaq görərik ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatl və salamı olsun) Sübh namazını hava qaranlıq ikən qılıb. Daha ətraflı:
Sübh namazının və imsak vaxtının təqvimdə göstəriləndən 20-30 dəqiqə sonra girməsi fikri doğrudurmu?
Namazın vaxtları ilə bağlı hədisin izahı

Həmçinin bilmək lazımdır ki, fiqhi məsələlərdə olan ixtilaflar alimlərin hörmətini, qədir-qiymətini azaltmır. Əksinə onlardan kim doğru olarsa iki əcr qazanar, kim də səhv edərsə bir əcr qazanar. Çünki, Allahın Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Hakim hökm verər və ictihad edib doğru olarsa ona iki əcr var, əgər hökm verər və ictihad edib səhv edərsə ona bir əcr var" (Səhih əl-Buxari, 7352). Bunu da qeyd etmək lazımdır ki, onların hər biri böyük imam, dəvətçi, zahid, abid və saleh insanlar olublar. Allah onlara rəhmət etsin! Həmçinin oxuyun: Dörd məzhəb və digərləri necə meydana gəlib?

2) Tövbəni dəfələrlə pozmuş olsa belə səmimi tövbə edəni Uca Allah bağışlayır. Daha ətraflı:

Dəfələrlə tövbə edib günaha qayıtdığıma görə Allah məni bağışlayarmı?
Tövbə etsəm, Allah məni bağışlayarmı? 

3) Əksər alimlərin rəyinə görə namazı səhlənkarlıq üzündən tərk edən müsəlmandır. Odur ki, özünü İslama nisbət edib namazı səhlənkarlıqdan tərk edən insanın kəsdiyini yemək olar. Daha ətraflı: Namaz qılmayanın kəsdiyi əti yemək olarmı?

4) Su varsa, kiçik ayaqyoluna getdikdən sonra övrət yerini mütləq yumaq lazımdır. Daha ətraflı: Ayaqyoluna getməyin ədəbləri

5) Vitr namazı İşadan sonra qılınarsa, bundan sonra təhəccüd namazı qılmaq olar. Lakin bu təhəccüddən sonra təkrar vitr namazı qılmaq lazım deyil. Təhəccüd namazını iki-iki qılmaq daha yaxşıdır. Daha ətraflı:

Teqlər: 
Paylaş: