Namaza başlamaq keçmiş günahları yuyurmu? Savab əməllər qəbri nurlandırırmı? Mələklər insanlara görünə bilərlərmi?

    23.09.2020
Kimdən: 
MVB-03.04.19
Sual: 
SALAM. 1.Namaza baslarken kecmis böyük ve kicik günahlar bagislanir? 2.Qiyamet günü savabi cox olan möminin qebri nurla dolacaq? 3.Qurani-Kerim'de "Eshabi-Kehf"haqqinda xeber verilir.Bunu daha deqiq etrafli aciqlayardiniz. 4.Hz.Nuh'un dövründe melekler insanlara aciq ünsiyyetde olublarmi?
Cavab: 
Və aleykum Salam. Böyük günahlar yalnız səmimi tövbə ilə bağışlanır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8).
Allah Təala möminlərin xüsusiyyətlərini vəsf edərkən belə buyurur: "...Onlar Allahla yanaşı başqa tan­rıya yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bunu edən kimsə cəzalandı­rılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­lidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar...". (əl-Furqan, 67-73).
Lakin, namaz da günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Kiçik günahları namaz, oruc, sədəqə və başqa bu kimi yaxşı əməllər silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır". (Hud, 114).
Həmçinin buyurur: "Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz si­zin təqsir­lə­ri­nizdən keçər və si­zi şərəfli bir keçidə – Cən­nətə da­xil edərik". (ən-Nisa, 31).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Böyük günahlar işlənmədiyi təqdirdə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən günahları yuyub aparır". (Səhih Muslim, 552).
Başqa bir hədisdə Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Bir deyin gö­rüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?" Əs­ha­­bə­lər: "Onun (bədənindəki) çir­kab­dan heç nə qalmazdı" - deyə cavab ver­dik­də Peyğəmbər salləllahu aleyhi və səlləm buyurdu: "Beş vaxt qılınan namaz­ların məsəli də buna bən­zəyir. Belə ki, Allah bununla günahları silir!" (Səhih əl-Buxari, 528; Səhih Muslim, 667). Həmçinin oxuyun:
 
2. Qəbir, bərzəx aləmi Axirətin ilk mərhələsidir. İnsan qəbirə qoyulduqdan sonra Qiyamət qopana qədər bərzəx aləmində olur. Uca Allah qiyamətə qədər bərzəx aləmində olan əməli saleh möminlərin qəbirlərini genişləndirəcək və nurlandıracaq. Qiyamət günü gəldikdə isə namaz və namaz kimi bir çox vacib əməllər möminin yoluna nur saçacaq. Uca Allah buyurur: "O gün sən mö­min kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəf­lərin­dən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: "Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan Cən­nət bağ­la­­rıdır. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur". (əl-Hədid, 12). Xüsusilə də, namaz öz sahibi üçün nurdur və onunla bəndənin qəlbi işıqlanır. Onun əlaməti üzdə görünür və əzalara təsir edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Təmizlik imanın yarısıdır. "Əlhəmdulillah" tərəzini doldurur. "Subhanəllah" və "əlhəmdulillah" göylərlə yer arasını doldurur. Namaz bir nurdur. Sədəqə bir dəlildir. Səbir bir işıqdır. Quran isə sənin ya lehinə, ya da əleyhi­nə olan bir hüccət­dir. Hər bir insan səhər (evindən çıxıb iş dalınca gedər və) nəf­sini satar; kimisi onu azad edər, kimisi də onu məhv edər". (Səhih Muslim, 223). Daha ətraflı:
 
3. Bəli, Qurani Kərimdə əshabi kəhf barədə əl-Kəhf surəsində xəbər verilmilşdir. İnşallah, bu barədə daha ətraflı saytımıza yerləşdiriləcək ibn Kəsir təfsirində oxuya biləcəksiniz. Həmçinin oxuyun:
 
4. Tarixi mənbələrdə Nuhun (Allahın ona salamı olsun) dövründə mələklərin insanlarla açıq ünsiyyətdə olması barədə səhih bir məlumat yoxdur. Lakin, dəlillər göstərir ki, mələklərin bəzi hallarda insanlara öz surətində görsənməsi mümkündür. Bu hallardan biri də möminin dünyasını dəyişdiyi andır. Uca Allah buyurur: "Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi". (Fussilət, 30-32). Həmçinin, Rəvayət edilir ki, (bir dəfə) gecə Useyd ibn Hudeyr (Allah ondan razı olsun) "əl-Bəqərə" surəsini oxu­­yurdu, atı da onun yanında yerə bağlanılmışdı. Birdən at təşvişə düşüb şa­hə qalxdı. (Bunu görəndə) Useyd susdu, at da sakitləşdi. Sonra o, oxu­ma­ğı­na davam elədi və at yenə təşvişə dü­şüb şahə qalxdı. O susdu, at da sa­kit­ləş­di. Sonra o, yenidən oxumağa başladı və at yenə də həyə­can­lanıb şahə qalx­dı. Bundan sonra o, daha oxumadı. Həmin vaxt (Useydin) oğ­lu Yəhya atın yaxın­lığında idi və o, qorxdu ki, at onu tapdalayar. Useyd uşa­ğı yanına çək­dik­dən sonra başını göyə qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o, bu hadisəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdı. Peyğəmbər (ona): "Oxu, ey ibn Hu­deyr! Oxu, ey ibn Hu­deyr!" - deyə buyurdu. Useyd dedi: "Ey Allahın el­çi­si! Yəhya atın yanında idi və mən qorx­dum ki, at onu tapdalayar. Odur ki, ba­şımı qaldırıb ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə (asma çıraqlara) bənzər şeylər gördüm. Sonra onlar yox olub get­dilər." Peyğəmbər soruşdu: "Bilir­sənmi o nə idi?" Useyd: "Xeyr!"– de­yə cavab verdi. Peyğəmbər dedi: "Bu, mələklər idi, sənin sə­sinə yaxınlaş­mış­dılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən hamı onları gö­rər­di və onlar insan­lardan gizlənməzdilər". (Səhih əl-Buxari, 5018).
Bununla belə bəzi dövrlərdə Allahın izni və hikmətilə mələklərdən bəziləri insan cildində insanlarla təmasda olmuşlar. Məsələn, Harut və Marut adlı iki mələk, İbrahimin, Lutun (Allahın onlara salamı olsun) yanına gələn mələklər və s. Uca Allah buyurur: "Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər. Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!" (əl-Bəqərə, 101-102).
Həmçinin buyurur: "Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: "Salam!"– dedilər. O da: "Salam!"– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: "Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik". Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik. O dedi: "Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir". Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir". İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı. Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir şəxs idi. Mələklər dedilər: "Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir". Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür"– dedi. Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?" Onlar dedilər: "Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən". O dedi: "Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!" Mələklər dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?" Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir". (Hud, 69, 83). Həmçinin oxuyun:

 

Paylaş: