Namazda səcdə və rükudə əl barmaqları açıq, yoxsa bir-birinə bitişik olmalıdır?

    27.02.2019
Sual: 
Salam əleyküm. 1)Qadınlar səcdədə və rükuda olarkən əl barmaqları açıq şəkildə olur? 2)Hər səcdədə, sübhanəkə allahummə rabbanə va bihamdikə allahumməxfirli demek düzdürmü? 3)Quranı əzbərləyərkən savab qazanırıqmı?4)Mən hər zaman evdə oluram yaxşı əməllər edə bilmirəm kiməsə bir xeyirim dəymir amma çox istəyirəm yaxşı əməllər cox edim.Hər zaman dua edirəm əməl dəftərimdə çəki gözəl gəlsin sadəcə fərz və nafilə namazlar qılıb dua edirem başqa məşğulliyətim yoxdur. buna görə eməl tərəzim zəyif ola bilərmi? Pişiklə danışıb gözəl sözlər demək və onu yedizdirmək ama çöldə üşüdüyünü görüb bir şey edə bilməmək günahmıdır?6)Bizim suallarımıza cavab yazan kimdir?Allah razı olsun,cox sağolun.
Cavab: 

Və aleykum Salam.
1. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki, Malik ibn əl-Huveyris (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın! ..." (Səhih əl-Buxari, 631; Səhih Muslim, 1533).
Namazda rükuda əllərin diz qapaqlarına qoyularaq barmaqların bir-birindən bir az aralı məsafədə tutulması və səcdədə də əl barmaqlarının üzü qibləyə bir-birinə sıx tutulması sünnədəndir. Rükuda daha yaxşı olardı ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əllərini dizlərinin üstünə barmaqları bir-birindən aralı olmaq şərtilə qoysun. Habelə, səcdəyə getikdə də hər iki əlinin pəncəsi, iki dizi və hər iki ayağının barmaqları üzərində yerə çökməli, qollarının dirsəkdən yuxarı hissəsini böyürlərindən aralamalı, dirsəkləri yerə qoymamalı, barmaqlarının uclarını qibləyə yönəltməlidir. Bu zaman dizlərini bir-birindən aralı tutmalı, dabanlarını isə birləşdirməlidir. Səcdədən başını qaldırdıqdan sonra da sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əlini də barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. Həmçinin oxuyun: Namaz necə qılınır? - VİDEO
2. Bəli, düzdür. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qılarkən hər səcdə və rükusunda "Subhanəkə Allahummə Rabbənə və bihəmdikə, Allahummə-ğ'firli - Ey bütün nöqsanlardan uzaq Allahım! Rəbbim Sənə həmdlər olsun! Allahım məni bağışla!" deyərdi. (Səhih əl-Buxari, 1/99; Səhih Muslim, 1/350). Həmçinin oxuyun:
Müsəlman qalası: Rükuda edilən dualar
Müsəlman qalası: Səcdədə edilən dualar
3. Bəli, Qurani Kərimi oxumaq, əzbərləmək və dinləmək savabı böyük olan əməllərdəndir. Daha ətraflı:
Quran oxumağın və əzbərləməyin savabı haqqında
Qurandan necə faydalanmaq olar?
Quran və təcvid ehkamları
4. Qeyd etdiyiniz xeyir əməllərdən yerinə yetirdikləriniz də Qiyamət günü əməl tərəzinizin savablarla ağır gəlməsi üçün Allahın rəhməti sayəsində bir səbəbdir. Əgər qadın islamın vacib buyurduğu əməlləri yerinə yetirər və günah olmayan məsələlərdə ərinə itaət edib onu razı salarsa, Qiyamət günü əməl dəftəri sağ tərəfdən verilənlərdən olar, mizan tərəzisi savablarla ağır gələr və böyük savab qazanaraq Cənnətə daxil olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, özünü haramdan qoruyar və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol deyilər...". (İmam Əhməd, 1661).
Həmçinin səhih hədislərə əsasən bir müsəlman xeyir əməlləri etmək istəyib onu edə bilmədikdə də Uca Allah onun bu niyyətinə görə mükafat və əcr verir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Şübhəsiz ki Allah, yaxşılıqlarla pislikləri yazmış, sonra da bunları açıqlamışdır. Bu səbəblə hər kim, bir yaxşılıq etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir tam savab yazar. Əgər yaxşılığı etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah öz qatından ona ondan yeddi yüz qatına qədər, hətta qat qat savab yazar. Kim bir pislik etməyə niyyət edər və onu etməzsə, Allah öz qatından ona bir savab yazar. Əgər o pisliyi etməyə niyyət edər və (niyyətinə əməl) etsə, Allah ona yalnız bir günah yazar". (Səhih əl-Buxari, 6010; Səhih Muslim, 187).
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurduğunu eşitdim: "Həqiqətən bütün əməllər niyyətlərə görədir. Hər bir insana onun niyyət etdiyi verilər...". (Səhih əl-Buxari, 1; Səhih Muslim, 155, 1907). Həmçinin oxuyun:
Qadın evdə savab qazanmaq üçün nə etməlidir?
Savab qazanmaq üçün nə etmək lazımdır?
5. Müsəlmanın heyvanlara mərhəmət göstərməsi onların ən ağır günahlarının bağışlanmasına, hətta cənnətlə mükafatlanmasına belə səbəb ola bilər. Belə ki, səhih bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Az qala susuz­luqdan öləcək bir it quyunun ətrafında fırlanırdı. Bu zaman onu İsrail övladlarından olan zinakar bir qadın gördü. Qadın dəri corabını çıxarıb su ilə doldurdu və sonra da itə su verdi. Bununla da onun günahları bağış­landı". (Səhih Muslim, 5998; Səhih əl-Buxari, 3467).
Heyvanları çox sevən peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara yaxşı münasibət göstərilməsini, əziyyət edilməməsini, müntəzəm yem və su verilməsini əmr edib. Heyvanların zövq üçün döyüşdürülməsini, yaxşı nişan almağı öyrənmək üçün hədəf seçilməsini, ətləri yeyilməyəcəyi təqdirdə onları tələf etməyi qadağan edib. Daha ətraflı:
Pişiyə görə əzaba düçar olan qadın
Heyvanlara əziyyət vermək haqqında
6. Burada sualları ilahiyyat elmləri üzrə ali təhsil almış müxtəlif şəxslər cavablandırır. Adlarının çəkilməsini istəmədikləri üçün biz də yazmırıq.

Teqlər: 
Paylaş: